Səmti müəyyənetmə üzrə məktəblilər arasında yarışın qalibləri müəyyənləşib
Mayın 7-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik yubileyi münasibətilə səmti müəyyənetmə idman növü üzrə məktəblilər arasında “Orienteering Junior Competition” yarışı təşkil edib.

9-12 yaşlı uşaqlar arasında təşkil olunan yarış pandemiya qaydaları nəzərə alınaraq İçərişəhər ərazisində açıq havada keçirilib.

Əvvəlcə iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti Ulu Öndərimizin əziz xatirəsini həmişə ehtiramla yad edir.

Koronavirus pandemiyası ilə əlaqədar yarış məktəblilər arasında fərdi və komandalar şəklində ümumilikdə 100 nəfərin iştirakı ilə qarışıq formada təşkil olunub. Turnirdə hər komandadan bir nəfər məsafəni qət edərək, məntəqədə QR kod vasitəsilə qeydə alınıb, digər iştirakçılar isə hərəkətin trayektoriyası prosesini onlayn izləyərək məntəqələri tapmaqda komandalarına kömək ediblər.

Qaliblər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən medal və xatirə hədiyyələri ilə təltif olunub.

Yarışın əsas məqsədi ulu öndər Heydər Əiyevin zəngin irsini uşaq və yeniyetmələr arasında təbliğ etmək, onlara sağlam həyat tərzinin, sağlam rəqabətin, liderlik və komanda mübarizəsi ruhunun aşılanması, dostluq və idman əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub.

Xəbər 431 dəfə oxundu.