Arzu Cəlilova: Doğma meydanda çıxış etmək böyük məsuliyyətdir
Mən Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında yaxşı nəticə göstərmək istəyirəm.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu Azərbaycan milli komandasının üzvü, dünya kuboku yarışlarının iştirakçısı Arzu Cəlilova deyib.

O bildirib ki, yarışa hazırlıqlar intensiv davam edir: "Gündə səkkiz saata yaxın məşq edirəm. Yaxşı nəticə göstərmək istəyirəm. Milli Gimnastika Arenasında keçirilən dünya kuboku yarışlarında ilk dəfə iştirak edəcəyəm. İndiyədək gənclər arasında turnirlərdə iştirak etmişəm. İlk dəfə böyüklər arasında xalçaya çıxacağam. Bu, çox həyəcanverici hissdir və doğma meydanda çıxış etmək böyük məsuliyyətdir".

Gimnastın sözlərinə görə, o və komanda yoldaşları dünya kuboku yarışlarının Bakıda keçirilməsi qərarını böyük sevinclə qarşılayıb.

Qeyd edək ki, mayın 7-9-da keçiriləcək dünya kuboku yarışlarında 35 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 61 gimnast mübarizə aparacaq.

Xəbər 414 dəfə oxundu.