Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb
Vətən müharibəsi şəhidləri - “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun və “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilən polkovnik-leytenant Ruslan Tağıyevin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) mükafatlandırılıb.

Mükafatlandırma mərasimində şəhid Murad Məmmədovun atası İlham Məmmədov, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, Baş İdarə rəisi Raqif Abbasov, Nərimanov və Binəqədi rayonlarının gənclər və idman idarələrinin rəisləri, “Ağ Top” şahmat klubun direktoru Cavanşir Bağırov, “İDEA” şahmat klubunun direktoru Fidan Talıbova, qalib şahmatçılar iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq kürsüdən elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımız üçün müqəddəs Vətən torpağı uğrunda savaşda əsas amal, qələbəyə çağırış olub. Cəmi 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi sarsılmaz birlik, qələbə əzmi, vətənpərvərlik xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi oldu. Vətən müharibəsi xalqımıza sevinci yaşatdı, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə həkk etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etməyə can atmasın. Vətən torpağı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini gələcək nəsillər daim dərin ehtiramla anacaqlar. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid oğullarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonra qaliblərin adları elan olunub.

Xəbər 354 dəfə oxundu.