Güləşçilərimiz Georgi Edişeraşvili və Abubakr Abakarov dünya Olimpiya təsnifat turnirinin yarımfinalına yüksəliblər
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin birinci günündə sərbəst güləşçlər mübarizə aparırlar.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) startda Otari Qoqavaya (Gürcüstan) qalib gəlib. Səkkizdəbir finalda güləşçimizin rəqibi pakistanlı Məhəmməd Bilal olub. Rəqibini üstələyən güləşçimiz dörddəbir finala yüksəlib. Yarımfinala gedən yolda idmançımız Məhəmməd İkramov (Tacikistan) ilə qarşılaşıb. Görüşdən qalib ayrılan güləşçimiz yarımfinalda monqolustanlı Bexbayar Erdenebat ilə üz-üzə gələcək.

Digər təmsilçimiz Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekovu məğlub edib. Təmsilçimiz növbəti görüşünü Boris Makoyevə (Slovakiya) qarşı keçirəcək.

Vahid Qalayev (125 kq) isə ilk görüşdə İspaniya təmsilçisi Xose Kuba Vaskesdən üstün olub. Təmsilçimiz dörddəbir final mərhələsində Xose Dias Roberttiyə (Venesuela) məğlub olub.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxt ilə saat 20:00-da start götürəcək.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Xəbər 357 dəfə oxundu.