Üç sərbəst güləşçimiz dünya Olimpiya təsnifat turnirinin dörddəbir final mərhələsinə yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin birinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) startda Otari Qoqavaya (Gürcüstan) qalib gəlib. Səkkizdəbir finalda güləşçimizin rəqibi pakistanlı Məhəmməd Bilal olub. Rəqibini üstələyən güləşçimiz dörddəbir finala yüksəlib. Yarımfinala gedən yolda idmançımız Məhəmməd İkramov (Tacikistan) ilə qarşılaşacaq.

Digər təmsilçimiz Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekova rəqib olub.

Vahid Qalayev (125 kq) isə ilk görüşdə İspaniya təmsilçisi Xose Kuba Vaskesdən üstün olub. Təmsilçimiz dörddəbir final mərhələsində Xose Dias Robertti (Venesuela) ilə üz-üzə gələcək.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə Bakı vaxt ilə saat 20:00-da start götürəcək.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Xəbər 343 dəfə oxundu.