İki sərbəst güləşçimiz dünya Olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin birinci günündə sərbəst güləşçlər mübarizəyə qoşulublar.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) startda Otari Qoqavaya (Gürcüstan) qalib gəlib. Səkkizdəbir finalda güləşçimizin rəqibi pakistanlı Məhəmməd Bilal olacaq.

Digər təmsilçimiz Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan)-Axmed Maqomayev (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Vahid Qalayev (125 kq) isə İspaniya təmsilçisi Xose Kuba Vaskes ilə üz-üzə gələcək.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə Bakı vaxt ilə saat 20:00-da start götürəcək.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Xəbər 359 dəfə oxundu.