Cüdoçumuz “Böyük dəbilqə” turnirində təsəlliverici görüşdə mübarizə aparacaq
Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Mübarizəyə kişilər arasında otuzikidəbir finaldan başlayan Elçin Hüseynov (66 kq) əvvəlcə italiyalı rəqibi Karmine Maria Di Loreto, daha sonra qazaxıstanlı Yerlan Serıxanov və Peru təmsilçisi Xuan Postıqosu məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə cüdoçumuz Rusiya təmsilçisi Murad Çopanova məğlub olub. E.Hüseynov təsəlliverici görüşdə Rusiya təmsilçisi Aram Qriqoryan ilə üz-üzə gələcək.

Kişilər arasında mübarizə aparan komandamızın digər üzvü Davud Məmmədsoy (60 kq) isə onaltıdabir finalda Albert Oğuzovu məğlub etsə də, səkkizdəbir finalda çexiyalı David Pulkrabekə uduzub.

Qadınların mübarizəsində yığmamızın üzvləri Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk qarşılaşmada qalib gəlsələr də, sonrakı görüşlərdə məğlub olublar.

Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.

Xəbər 414 dəfə oxundu.