Boks üzrə Azərbaycan millisi lisenziya turnirinə son hazırlığı Özbəkistan və Fransada keçəcək
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir.

Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız toplanışın növbəti hissəsini Özbəkistanda keçirəcək. Komandamız Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunacaq məşqlərə altı boksçu ilə yollanacaq. Məşqçilər korpusu Özbəkistana Avropa Olimpiya təsnifat turnirində “Tokio-2020”yə lisenziya şansını qoruyan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevi (+91 kq), Olimpiadada iştirakını təmin edən Tayfur Əliyevi (57 kq), həmçinin Kamran Şahsuvarlını (75 kq) aparmağa qərar verib.

Yanqiabada mayın 7-də gedəcək komandamız ayın 23-dək təlim-məşq toplanışında olacaq. Yığmamızın boksçusu Kamran Şahsuvarlı istisna olmaqla, komandamızın üzvləri son hazırlıq üçün daha sonra Avropa Olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək Fransaya yollanacaqlar. Boksçularımız iyunun 1-də isə Byuja kommunasında məşqlərini yekunlaşdıracaqlar.

Yarış iyunun 4-8-də Parisdə keçiriləcək.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb. Cavid Çələbiyevlə Lorenzo Sotomayor turnirdə çıxışını səkkizdəbir finaldan davam etdirəcək. Onlardan fərqli olaraq Alfonso Dominqeslə Məhəmməd Abdullayev, həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan yarışdan ayrılmışdılar.

Xəbər 397 dəfə oxundu.