Məcburi koronavirus fasiləsi
Mövsümün davam etdirilməsi ən doğru yoldur

Milli futbol çempionatının Premyer liqasında gözlənilən daha bir məcburi fasilənin budəfəki səbəbkarı COVID-19 pandemiyası oldu. Klublarda futbolçuların virusa yoluxmasının kütləvi hal alması nəinki "Qarabağ"ın İspaniya səfərinə çıxmasına mane oldu. Eyni zamanda, digər klubların da məşqlərinə və hazırlığına mənfi təsir etdi. Nəticədə, Premyer liqanın 12-ci turunun oyunları təxirə salındı.

AFFA bir sıra məsləhətləşmələr üçün Klublar Komitəsi və Peşəkar Futbol Liqası (PFL) ilə videokonfrans müşavirəsi keçirdi. PFL-in məlumatında bildirilir ki, toplantının əsas müzakirəsini klubların üzvlərinin koronavirus infeksiyasına yoluxma hallarının matçların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması və bu qəbildən olan digər məsələlər təşkil edib. Vəziyyət növbəti videomüzakirələrdə geniş təhlil edilib. AFFA və PFL-in Premyer liqanın 8 klubunun rəhbərləri və baş məşqçiləri ilə fikir mübadiləsinə əsasən, "COVID-19" virusundan sağalan futbolçularla klublara hazırlıq üçün müəyyən müddətin tələb olunmasını nəzərə alaraq, Premyer liqa və ölkə kubokunun təqvimində dəyişikliklər edilib.

Ümumən məntiqli görünən bu düzəlişdən sonra mövsümün davam etdirilməsinə ümidlər möhkəmlənib. Arıq ötən mövsümün yaz-yay fəslindən fərqli olaraq, komandaların pandemiya şəraitində mübarizəsini davam etdirməsi və qalibin yaşıl meydanlarda aşkar edilməsinə hər bir əsas olduğu aşkarlanıb. Bu xüsusda, sadəcə, onu da qeyd etmək lazımdır ki, klublar bundan sonra koronavirus pandemiyası ilə əlaqədar daha diqqətli olmaq üçün optimal tədbirlərin axtarışını daha da sürətləndirməli, nəzarəti gücləndirməlidirlər.

BATI YAR

Xəbər 337 dəfə oxundu.