“Qarabağ" mübarizəni bir ümidlə tərk edir
Avropa liqasının qrup mərhələsinin son turunda futbolçularının "COVID-19" virusuna yoluxması səbəbi ilə tam heyət toplaya bilməyən "Qarabağ"ın İspaniya səfərinə çıxa bilməməsi, əslində, turnir vəziyyətinə heç bir təsiri yox idi: "Vilyarreal" kürsüdə qalacaqdı. Əsas suala Tel Əvivdə aydınlıq gətirilməliydi və orada əyani mübarizədə "Makkabi" istəyinə nail oldu.

Maraqlıdır ki, bundan əvvəlki turda "Qarabağ" məhz İsrail təmsilçisi ilə görüşdə turnirdə ilk xalını qazanaraq, yarışı bir ümidlə tərk etmək üçün əsas qazandı. Komanda son dövrlər sürət yığan rəqibi ilə başabaş mübarizə apararaq, bir çox məqamlarda potensial praqmatik və ən əsası, inkişaflı oyun nümayiş etdirdi. Milli çempionatda olduğu kimi, burada da heyətdəki "koronavirus qalaqurmaları" sözünü dedi. Ən vacibi meydanda inadkar bir "Qarabağ" gördük.

Bu dəfə də hakim hoqqabazlığının şahidi olduq. Qeyri-adekvat qərarlar "Qarabağ"ın avrokuboklardakı ən vacib problemlərindən birinə çevrilib. Lakin bu dəfə meydanda cəmi bir dəfə parlayıb estetik qol vuran Romero ən azı ədaləti bərpa etdi.

Ümumiyyətlə, bu il də dünyanın futbol meydanlarında koronavirus bəlasının diktə etdiyi şərtlər bu idman növünü bəlkə də ən azı on il geri atdı. Yeganə yaxşı cəhət isə futbolçuların kəllə-çarxa çıxan transfer qiymətlərinin normallaşmasıdır. İndi, heç olmasa, maliyyənin təsirləri altında əzilməkdə olan futbol nəfəs almağa başlayıb. Bundan savayı, elə Azərbaycan çempionatndan da gördüyümüz kimi klublarda yeni axtarışlar dövrü başlayıb. Hər komandada bu fərqli cəhətdən özünü büruzə verir. Amma ümumi tendensiya futbola yeni adların gətirilməsi ehtimalının, bundan da vacib, qüvvələr nisbətindəki uçurumların, nisbətən olsa belə, aradan qaldırılmasına şəraitin yaranmasıdır.

Əlbəttə, öyrəncəli olduğumuz futbol mübarizəsindən çox uzağıq.

Hərçənd "futbol romantikasına geri qayıdır" deyə bilərik. Bu mənada "Qarabağ"ın yeganə çatışmayan cəhəti məhz fürsətdən yetərincə faydalanmamasıdır.

Artıq Ağdam klubu yəqin müəyyənləşdirib ki, belə fürsət ənənələri pozmağa imkan verir. Həmişəki təpər olmasa da, bəzi risklərə əl atmaq mümkün idi. Söz yox, klubun evində qonaq qəbul edə bilməməsinin təsirləri danılmazdır. Hər halda, taktiki cəhətdən çatışmazlıqların olmaması, ən azı, heyətdə yetərincə dayanıqlı futbolçuların olmaması sözünü dedi. Bəzi məqamlarda məcburiyyətdən deyil, məhz düşünülmüş qərarları da görmədik, rəqiblər də yetərincə öyrənilməmişdi. Məsələn, hər xətt üzrə ikinci planlaşdırılmış hazırlıq planı olsaydı, qalaqurmalar, oyunçu əvəzləmələrindən, yeni sürpriz oyunçulardan vaxtından istifadə edilsəydi, fərqli nəticə əldə etmək mümkün idi.

"Sivasspor"la görüşdə potensial yüksəliş imkanları, "Makkabi" ilə matçda isə bunun özünü büruzə verməsi dediklərimizə əsas verir. Məşqçi korpusu yalnız müəyyən etdiyi strateji nöqtələrə bəzən yeniliklər etməyə çəkinməməlidir. Üstəlik, özünü hər cəhətdən təsdiq etmiş Qurban Qurbanov kimi mütəxəssisin buna yolu açıqdır.
Nəticə olaraq, qısa yekun vursaq, "Qarabağ", zənnimcə, Avropa mövsümünü bu ümidlə başa vura bilər. Bundan sonra qalır daxili yarış. Burada da ona rəqib çətin bu mövsüm də tapılsın və qış fasiləsindən sonra yerini, özünü möhkəmlədib, yeni planların icrasına başlamaq olar. Çünki pandemiya hətta gələn yay başa çatsa belə, Avropa meydanlarının ləngər vurması davam edəcək və bu xüsusda ən qıvraq komandalar xeyli irəli çıxa biləcəklər.

BATI YAR


Xəbər 355 dəfə oxundu.