Avropanın yeni klub futbolu turniri
Komandalarımıza daha bir qrup şansı yarışı

İdeyası 2015-ci ildə yaranmış daha bir Avropa klub futbolu yarışının bəzi əsas məsələləri məlum olub. Sentyabrda Konfrans liqası adını verərək, yeni mübarizə formasını qitənin üçüncü futbol turniri elan etmiş UEFA yarış sxemini də digər Çempionlar və Avropa liqalarındakı kimi edib.

Lakin bu həqiqətən də üçüncü növ yarış olacaq və zəiflərə özlərinə yaxın rəqiblərlə mübarizə aparmaq imkanı verir. Avropa liqasında iştirakçıların sayı azaldılmaqla (32 klub), bu turnirin də qrupunda, hər birində 4 iştirakçı olmaqla, 32 komanda mübarizə aparacaq. Əlavə keçid mərhələsi (ilkin pley-off) və 1/8 finaldan ta finala qədər bütün pley-off dövrü mövsümə yekun vuracaq. Əlavə keçid mərhələsində "Konfrans" qruplarında 2-ci yeri tutmuş klublar Avropa liqası qruplarının 3-cüləri ilə qarşılaşacaqlar.

Konfrans liqasının qalibi yeni mövsümdə Avropa liqasına da vəsiqə qazanacaq.
Burada da qarşılaşmalar, əsasən, həftənin cümə axşamları keçiriləcək. Final matçı digər yarışların da finallarının keçirildiyi həftənin çərşənbə günü oynanılacaq.

Qrup raunduna qədər keçiləcək yolun iştirakçıları və mərhələlər belədir:

Birinci təsnifat mərhələsi: reytinqdə 30-55-ci yerlərdə olan ölkələrin kubok sahibləri (26 klub); eyni reytinqli ölkələrin (Lixtenşteyn istisna) yüksək divizionlarında 2-ci yerlərin (25 klub); 29-50-ci reytinqlilərin 3-cüləri (21 klub).

İkinci təsnifat mərhələsi: birnci mərhələnin qaliblərinə əlavə olaraq, Çempionlar liqasının ilkin (3 klub) və birinci (17 klub) təsnifat mərhələsində uduzan 20 klub; reytinqi 16-29-cu yerlər olan assosiasiyaların kubok sahibləri (14 klub); 16-29-cu reytinqlilərin elitar çempionatının 2-ci (14 klub), 13-28-ci reytinqlilərin 3-cü (16 klub), 7-15-ci olanların 4-cü (9 klub) yerlərinin sahibləri və reytinq üzrə 6-cı assosiasiyanın 5-ci yerdə qərarlaşmış klubu.

Üçüncü təsnifat mərhələsi: əvvəlki mərhələnin qalibləri ilə yanaşı, "Çempionlar yolu"nun 10, "Liqa təmsilçiləri"nin 45 klubu, 7-12-ci reytinqli ölkələrin 3-cü yerlərinin sahibləri (6 klub), reytin 6-cısının 4-cü yer tutmuş komandası.

Pley-off mərhələsi: "Çempionlar yolu" üzrə Avropa liqasının 3-cü təsnifat mərhələsində uduzanlar (5 klub), "Çempionlar yolu"nda 3-cü raundun qalibləri (5 klub), "Liqa təmsilçiləri"nin 3-cü mərhələsinin qalibləri (26 klub), 5-ci reytinqə malik assosiasiyanın 5-ci, 1-4-cü reytinqlilərdə 6-cı (4 klub) yerlərin sahibləri.

Bu şərtlər və reytinq üzrə bölgü onu göstərir ki, qlobal dəyişiklik olmasa, hazırda assosiasiya olaraq 26-cı yerdə qərarlaşmış (18.750 xal) ölkəmizin komandaları (3 klub), çempion istisna olmaqla, Konfrans liqasında mübarizə aparacaq.
Mübarizə gələn il iyulun 8-də başlanacaq. Təsnifatlar avqustun 26-da yekunlaşacaq. Qalan əsas hissə sentyabrın 16-sı başlanıb 2022-ci il mayın 25-də Albaniyanın paytaxtı Tiranada final qarşılaşması ilə yekunaşacaq.

BATI YAR

Xəbər 338 dəfə oxundu.