Çətin və maraqlı rəqiblər arasında
Mart ayından böyük yürüş başlanacaq

Azərbaycanın milli futbol komandasının 2022-ci il Dünya kuboku uğrunda yürüşü gələn ilin mart ayında başlanacaq. Atıq yığmanın təsnifat mərhələsində rəqibləri də bəllidir.

Dünya kuboku növbə prinsipi ilə Asiya qitəsinə, bu dəfə Qətərə ötürülüb. Final mərhələsi ənənə üzrə yay aylarında deyil, iqlim şərtlərinə görə, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Beləliklə, tarixdə ilk dəfə Yaxın Şərqdə futbol mundialı baş tutacaq. Həm də ilk dəfə yarış payız-qış dövründə təşkil ediləcək.

Yarış ev sahibinin iştirakı təbii olaraq indidən məlumdur. Daha 29 yeri qitələr üzrə futbol qurumları müəyyən edəcək. 2 vəsiqənin sahibi isə qitələrarası pley-off matçlarında aydınlaşdırılacaq. Avropanın 13, Cənubi Amerika və Asiyanın hərəsinin 4, Afrikanın 5, Şimali Amerikanın 3 birbaşa vəsiqəsi var.

Qitələrarası yarışlarda Cənubi Amerikanın 5-ci komandası, Asiya təsnifatının 4-cü mərhələsinin ən yaxşısı, Okeaniyanın qalibi isə Şimali Amerikanın 4-cüsü ilə mübarizə aparacaq.

Avropa seçməsinin püşkünə əsasən, Azərbaycan millisi tarixinin ən mürəkkəb qruplarından birində yer alıb. Rəqiblər üslubca bir-birindən tamamilə fərqlənməklə həm də obyektiv milli komandamızdan güclüdürlər. Tarixən belə rəqiblərlə çətin rəqabət aparan millimizin haradasa Lüksemburqu qabaqlamaq şansı var. İrlandiyanı sıxışdırmaq isə baş məşqçinin təlqin edəcəyi oyundan çox asılı olacaq. Hələlik onun millinin normal hazırlığı üçün ilkin plan və şərtlərini AFFA-ya bildirdiyi məlumdur.

Ümumən Avropanın 55 millisi 10 qrupa bölünüb. Bəz qruplar 5, qalanları 6 komandadan təşkil olunub. Qaliblər birbaş final mərhələsinə çıxırlar, məğlublar isə Avropa Millətlər Liqasının 2 komandası da daxil olmaqla pley-offlarda yarışacaqlar.

Püşkatma millimizi "A" qrupuna salıb. Burada Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq da yer alıb.

Digər qrupların tərkibi belədir:

"B" qrupu - İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo;
"C" qrupu - İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva;
"D" qrupu - Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan;
"E" qrupu - Belçika, Uels, Çex Respublikası, Belarus, Estoniya;
"F" qrupu - Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farerlər, Moldova;
"G "qrupu - Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq;
"H" qrupu - Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta;
"I" qrupu - İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino;
"J" qrupu - Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.

Maraqlıdır ki, Qətər millisi mundiala hazırlıq çərçivəsində şərti olaraq Avropa zonasının "A" qrupunda yer alıb və yığmamız bu komanda ilə də mübarizə aparacaq.

24 mart (çərşənbə): Portuqaliya - Azərbaycan, Serbiya - İrlandiya, Qətər - Lüksemburq
27 mart (şənbə): İrlandiya - Lüksemburq, Serbiya - Portuqaliya, Qətər - Azərbaycan
30 mart (çərşənbə axşamı): Azərbaycan - Serbiya, Lüksemburq - Portuqaliya, İrlandiya - Qətər.
1 sentyabr (çərşənbə): Lüksemburq - Azərbaycan, Portuqaliya - İrlandiya, Qətər - Serbiya.
4 sentyabr (şənbə): İrlandiya - Azərbaycan, Serbiya - Lüksemburq, Qətər - Portuqaliya.
4 sentyabr (çərşənbə axşamı): Azərbaycan - Portuqaliya, İrlandiya - Serbiya, Lüksemburq - Qətər.
9 oktyabr (şənbə): Azərbaycan - İrlandiya, Lüksemburq - Serbiya, Portuqaliya - Qətər.
21 oktyabr (çərşənbə axşamı): Portuqaliya - Lüksemburq, Serbiya - Azərbaycan, Qətər - İrlandiya.
11 noyabr (çərşənbə axşamı): Azərbaycan - Lüksemburq, İrlandiya - Portuqaliya, Serbiya - Qətər.
14 noyabr (bazar): Lüksemburq - İrlandiya, Portuqaliya - Serbiya, Azərbaycan - Qətər.

BATI YAR

Xəbər 349 dəfə oxundu.