Yeganə çempionluqdan sonra köçkün statussuz meydan
İtkilər yeni oyun axtarışlarına məcbur edir

Milli futbol çempionatının Premyer liqasına da "COVID-19" koronavirus pandemiyasının təsirləri birbaş meydanda sözünü deməyə başlayıb.

Bir sıra oyunçuların bu virusa yoluxması səbəbilə komandalar mövsümün gedişində oyun planlarına düzəlişlər etmək məcburiyyətindədirlər. Çox maraqlıdır ki, məhz bu, klubların yeni axtarışlar, zor qarşısında planlarında dəyişikliklər edilməsi, zənnimcə, maraq doğuran və daha optimal oyun nümayiş etdirməyə başlayıblar. Doğrudur, nəticə etibarı ilə oyun elementlərində müəyyən gərilmələr, axsamalar, boşluqlar müşahidə olunur. Əsas zərbə onsuz da taktiki məhdudiyyətlər içində olan komandaların 90 dəqiqə ərzində dayanıqlı oyun göstərə bilməməsini xüsusi qeyd etmək lazımdır. Bu mənada son turdakı heç-heçələr, ilk baxışda, məntiqə söykənməyən nəticələrə gətirib çıxarıb. Məsələn, "Qarabağ"la matçda "sülh"ə sevinən "Səbail" hesabı açdıqdan sonra, bir qədər təpər göstərsəydi, oyunun gedişinə əhəmiyyətli təsir göstərə bilərdi. "Səbail" qeyri-bərabər imkanlar şəraitində mübarizə aparırdısa, "Sabah" qələbə ilə meydanı tərk etmək iqtidarında idi. Lakin komanda rəqib qapısına yol tapdıqdan sonra heç bir əsas olmadan tempi aşağı saldı və nəticəni qoruya bilmədi.

Əlbəttə, "Qarabağ" haqqında xüsusi danışmaq lazımdır. Noyabrın 20-də Azərbaycan Ordusu işğaldan azad edilmiş Ağdam torpağına daxil oldu və beləcə, Azərbaycanın müstəqillik dövrünün ən güclü və titullu komandalarından biri məcburi köçkün statusunu itirərək böyük şövqlə, ən əsası, yeni ümidlərlə meydana çıxır. 27 illik işğal dövründə əvvəlcə Mingəçevirə, sonra Bakıya sığınmış, tarixinin bu dövrlərində enişli-yoxuşlu dövrü çox olmuş kollektiv ən əsası öz gücünü qorudu, hətta ən çətin dövrlərdə belə rəqiblərinə asanlıqla yenilmədi və bu gün ölkəmizin əsas futbol ümididir. Avropa meydanlarında Azərbaycan futbol tarixinin ən uğurlu nəticələrinin müəllifi məhz Ağdam klubudur. "Qarabağ" 7 ildir çempionluq taxtını heç kimə vermir. Ən maraqlısı isə budur ki, komanda bu 7 titula qədər ilk və yeganə çempionluq titulunu, eyni zamanda, ölkə kubokunu məhz Ağdamın işğal edildiyi 1993-cü ildə qazanmışdı. Son görüşünü isə kubok yarışı çərçivəsində Tovuz "Turan"ı ilə keçirən kollektiv, bir daha 27 ildən sonra dogma şəhərində matçlara çıxmaq imkanı əldə edib.

Əlbəttə, Ağdamda yeni ruh və vüsətlə, daha praqmatik cəhətdən futbolun inkişafına yol açmaq üçün bu kollektivin hər bir əsası və bazası var. Qarabağı təmsil edən yeni kollektivlər ərsəyə gələnə qədər məhz "Qarabağ" tək meydanda deyil, bu regionda futbolun inkişafına töhfə verməli, yeni qarabağlı oyunçular nəslinin yetişdirilməsində rol oynamalıdır. "İmarət" stadionunda heç vaxt azarkeşsiz qalmayan komanda, yəqin ki, dogma divarlar arasına qayıdandan sonra rəqibləri üçün ikiqat motivasiya ilə keçilməz səddə çevriləcək və daha böyük tarixi nailiyyətlər qürurla irəliləyəcək.

BATI YAR

Xəbər 349 dəfə oxundu.