Milli yerini qorudu, amma oyun göstərmədi
Dünya kuboku rəqibləri və “Avro-2020"nin ərəfə dövrü sanballı hazırlığa əsasdır
Azərbaycan milli futbol komandası tarixinin ikinci Millətlər liqasını əvvəlki yarışla müqayisədə daha uğurla başa vurdu. Amma bu nisbi və şərti qənaətdir. Rəqiblərə, komandanın imkanlarına və oyununa nəzər salanda, əlbəttə, daha bir rəsmi turnirdə zəif nəticə göstərildi.

Əgər nəyəsə şükür edərək ötüb kemək istəsək, sonuncu yerdə olub, "D" qrupunun təmsilçisi ilə keçid matçlarından qurtulmağı təsəlli kimi qəbul edə bilərik.

Son oyunda qələbə təkcə acı Bakı məğlubiyyətinin qisası olmayacaqdı, eyni zamanda, komandanın gələcəyə daha inamla getməsinə şərait yaradacaqdı. Lakin oyunun, ələlxüsus onun birinci hissəsindən söz açsaq, hansısa nikbin notdan danışmağa əsas yoxdur. Hələ üstəlik, Lüksemburqun cədvəldə milli komandamızdan yuxarıda dayanması, düşünməyə vadar edir.

Millimiz yarış boyunca, demək olar ki, fərqli 6 oyun keçirdi. Doğrudur, yenə nisbi olaraq son iki matçı bir-birinə bənzətmək olar. Son qarşılaşmada üç aparıcı futbolçunun koronavirusa yoluxması da bəhanə ola bilməz. Bütün bunlarla yanaşı, gələcəyə ümid verən bir neçə vacib məqamı qeyd etməyə də əsas var.

Bu turnirə milli sükançı dəyişikliyi ilə başladı. İtaliyalı De Byazi Albaniya millisi ilə tarixi nailiyyətinin kölgəsində ölkəmizə təşrif buyurub. Elə yalnız yarış ərəfəsində milliyə qoşularaq tanımadığı bir heyəti meydana çıxarması səbəbilə ötən müddətə atəşli tənqidlə yanaşmaq istəməzdik. Bununla belə təcrübəli mütəxəssislə bağlı iki vacib məsələni dilə gətirmək lazımdır. Birincisi, əlində olan potensialı operativ dəyərləndirə bilməməsini, ikincisi və ən vacibi, əlində olan futbolçularla oyunlara doğru-dürüst taktiki planlar cıza bilməməsi.

Birinci məsələ ilə bağlı onu da qeyd edək ki, "COVID-19" pandemiyası üzündən, ümumiyyətlə, cari il dünya futbolunda böyük tənəzzülün təməlini qoydu. Onsuz da fiziki-funksional natamamlığı bəlli olan Azərbaycan futbolçuları bu dövrdə lap geri düşdülər. Məşqçi üçün asan seçim olmasa da, onun futbolçuları motivasiya etmək barədə problemləri kifayət qədər oldu.

Deyilənlərə rəğmən, yarışın sonuna doğru müsbət cəhətlərdən biri yeni futbolçulara doğru addımların atılması idi. Hərçənd bu futbolçuların özünü nə qədər doğruldacağı hələ bilinmir. Prinsipial olaraq, bu da tək millinin deyil, həmin futbolçuların klublarından da asılı olacaq. Bütün problemlərin kökündə ölkədə futbolçu qıtlığı dayanır. Həll yolları, sözsüz ki, var. Onsuz da bir struktur kimi nə iqtisadi-sənaye, nə də idman-futbol prinsiplərinə söykənmək istəməyən klublarda bu proses yubadan elə ciddi şəkildə hesabatsızlığın hökm sürməsidir. Nəticədə, Avropa arenasında bir iş görə bilməyən klubların məhz futbolçu yetişdirməyə təhrik edilməsi hələ də günün mövzusudur. Daha doğrusu, məcburiyyət üsulları birmənalı tətbiq edilməlidir. Onsuz da onlar nə inkişafa meyl edir, nə də konkret vəzifələrə qulluq edirlər. Yaxın gələcək üçün baş məşqçinin bir vəzifəsi də dar çərçivədə futbolçu seçimini aparmaq olacaq.

Növbəti vəzifə Azərbaycanda komanda motivasiyasının artırılması imkanlarını öyrənməkdir. Üçüncü məqam taktiki planlardır və bunu açıq görməliyik. Əsas yol yoxlama sınaq matçlarıdır və doğru yol buradan başlamalıdır. Bu oyunlar, sadəcə, statistika xatirinə deyil, oyun və oyunçu, təcrübə və inkişaf naminə planlı və ardıcıl olmamalıdır.

Dekabrın 7-də böyük püşk olacaq. Milli komanda 5-ci səbətində yer aldığı püşkatma zamanı 2022-ci il Dünya kubokunun seçmə mərhələsindəki rəqibləri ilə tanış olacaq. Əgər koronavirus pandemiyası imkan verərsə, üstəlik, Avropa çempionatının final mərhələsinin sınaq dövrü nəzərə alınsa, ən optimal hazırlıq keçməyə əsas var.

Qalan məsələləri isə hazırlıq dövründə qeyd etmək imkanımız olacaq.

BATI YAR

Xəbər 345 dəfə oxundu.