Altı cavabsız qolun mövsüm həqiqətləri və zərurəti
Milli futbol çempionatının Premyer liqasında milli komandanın oyunu ilə əlaqədar fasilə ərəfəsində ikinci dövrənin ikinci turunda, bəlkə də bütün mövsümün gedişi üçün ən əhəmiyyətli hadisə baş verdi. "Neftçi" gözləniləndən də artıq və böyük hesabla, özü də ən prinsipial rəqibinə məğlub oldu. Təbii olaraq, klubda yeniliklər, həm də növbəti dəyişikliklər dalğası başlandı.

Bu gözlənilən mənzərənin məhz milli komandanın oyunu ərəfəsində yaranması bəlkə də kluba talenin rəhmidir. Bənzətmə ilə desək, rəmzi olaraq rənglərinin qarasının çoxaldığı çağında ağının tam silinməməsinə, bir sözlə, bəxtə də yazmaq olar. Yeni sükançı, ən azı, kollektivə uyğunlaşmaq imkanı əldə edəcək. Qalanı isə aydındır. Uğursuzluqlar davam edərsə, qış fasiləsi gözləniləcək və sonra yenidən ya yüksəliş (müvəqqəti, ya daimi) başlanacaq, ya da var-gəlli ab-hava ilə eniş davam edəcək.

Bu il çempionluq uğrunda mübarizə aparmalı olan komanda niyə bu günə, bu vəziyyətə düşüb və aşkar rəzilliklə üz-üzədir? Tarixə səyahət edəcəyik. Amma cavablar da aydındır. Biri elə qeyri-peşəkar yanaşma, qeyri-standart və yersiz qərarlardır.

Bəs sonra nə olacaq? Hələlik o olub ki, komandanın baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov istefa veriblər. Yeni baş məşqçi isə Samir Abasovdur. Samir Abasovla ilyarımlıq müqavilə imzalanıb. O da daim birgə çalışdığı Seymur Rəhimov və Vəfadar Quliyevi komandaya gətirib.

Bu seçim klubun hazırkı prezidentinin "Sumqayıt"dan yaxşı tanıdığı və həmin dövrdə komandanın dirçəlişinin səbəbkarı olan, lakin sonradan klub rəhbərinin klubdan ictimaiyyət üçün naməlum şəraitdə yola saldığı Samir Abasovla ikinci işbirliyidir. Lakin elə bu səbəblərdən yolların yenə kəsişməsi açıq suallar doğurur və bunun bir əlamət olması indi söhbət mövzusudur. Günün məsələsi və ya ictimai maraq doğuranı bu deyil. "Neftçi" öz dərdində, amma "Sumqayıt"dan sonra "Zirə"də nizam yarada bilən Samir Abasovun da şansıdır. Sanballı məşqçilər sırasında o, öz yolu, üslubu, işə yanaşma tərzi ilə, açığı, təqdirəlayiq yol başlayıb. Onun seçimi və yolunun xoşagələn olub-olmaması başqa söhbətin mövzusudur. Amma indiki vəziyyətdə bu, bir məşqçi üçün karyerasının ilk böyük şansıdır. Deməli, hər şeyə və hətta söz-söhbətlərə və reallıqlara rəğmən o özü üçün də böyük sınaq içindədir.

Bütün hadisələr bu gözlənilən və qanunauyğun dəyişiklik sırasında digər hadisələri kölgədə qoysa da, bir-birindən tam fərqli əhəmiyyətli hadisələri də qeyd etmək lazımdır. "Zirə" yeni baş məşqçisi ilə iddialılığını artırıb və “Sumqayıt" büdrəyib. Bu, mövsümün gedişinə təsir edə biləcək hadisələrdən sayılmalıdır. Həm də "Qarabağ"ın liderlər qrupuna qayıdışı xüsusi qeyd olunmalıdır. Bu isə çempionatda kölgədə yer almaq istəyənlər üçün bir işarədir. Bundan sonra mövsümdə daha ciddi rəqabət üçün klublara son şans verilir. "Neftçi"nin vəziyyəti onlara ən münasib savaş meydanı da açır. "Sumqayıt"ın büdrəməsinin təsadüf olmaması, "Zirə"nin yüksəlişinin gətirdiyi psixoloji üstünlüklər də nəzərə alınmaqla, digər komandalara əsl çağırış dövrü başlanıb.

"Sumqayıt", əslində, öz ampluasındadır. Bu kollektiv lider roluna və yaxud mövsümün gedişində qalib təfəkkürünə yiyələnə bilmədiyindən qarşısına orta statistik templi komanda çıxanda, taktiki çiyliyi özünü büruzə verir. Belə olduqda, rəqib meydanda istədiyini edə bilir. Xüsusən autsayder sayılsa da, belə vəziyyətlərdən heyət potensialına görə gücü bəlli "Səbail" kimi komandaların faydalanması təsadüf deyil.

"Zirə" hələ də optimal oyun qura bilməyib. Lakin liderlərin qeyri-sabitliyi və digər prinsipial rəqiblərin ləngər vurması onun karına gəlib. Klub bu fürsətdən optimal şəkildə istifadə etmək üçün ən münasib kart-blanşa sahibdir.

Beləliklə, mövsümün həlledici qırılma nöqtəsidir. Amma bunun fasiləyə qədər nə qədər təsirli olacağı bəlli deyil. Nəhayət, bir yol seçib heç olmasa, öz sabit tərzini və taktiki simasını müəyyən etməli olan klubların şans dönəmidir. Bu xüsusda bəlkə də ən doğru qərarla baş məşqçisinə növbəti şans vermiş "Sabah" da istisna deyil.

BATI YAR

Xəbər 320 dəfə oxundu.