Sükançı yeni komanda və yeni oyun qurmağa başlayıb
Milli futbol komandamızın Millətlər liqasında nəyəsə ümid etməsi üçün bitərəf meydanda Monteneqroya qalib gəlməsi vacib idi. Qalan nəticələr millinin bu dəfə sonuncu olmamaq üçün mübarizə aparmasına yol açacaqdı.

Hələ bundan savayı, Kiprin də rəqibi üzərində qələbəsi lazım idi. Ada komandasının lazım olan nəticəsinə rəğmən millimiz bu dəfə də meydanı qələbə ilə tərk edə bilmədi.

Buna qədər Sloveniya ilə yoxlama matçı keçirən kollektivdə baş məşqçinin heyət yeniləşməsinə əl atması diqqət çəkdi. Bu isə onun yaxın gələcək üçün konkret fəaliyyətə başlamasının xəbərçisidir. Rəsmi qarşılaşma olsa belə, sükançı bu addımları davam etdirdi.

Təkcə heyət deyil, oyun planında da axtarışlar hələ də davam etməlidir. Açığı, mütəxəssisin ümumi taktiki planı ilə bağlı bəzi şübhələr olsa da, onun konkret qərar verməsi inandırıcı görünmür. Çünki indiki vəziyyət hədəf ola bilməz. Son görüşlərdə müdafiəyə yönəlmiş oyun bəlkə də şablon axtarışlarının nəticəsidir. Lakin hücum quruculuğu ilə bağlı təkcə futbolçuların potensialı deyil, məşqçinin də boşluqlara yol verməsi sezilir. Əlbəttə, yeni futbolçuların təcrübə, oyun problemi, millinin formasında hiss-həyəcanla mübarizə aparması müşahidə olunur. Amma son zərbə yoxdursa, quruculuq da yetərli görünmür və buna görə də qarışıq mənzərədə nikbinlik üçün də əsas yoxdur. Bu isə məşqçinin özünün də hələ hər futbolçunu lazımınca dəyərləndirə bilməməsindən də irəli gələ bilər.

Bütün bunlara rəğmən bir müsbət cəhət, rəqib azlıqda qalarkən hiss olundu. Millinin oyununda nisbi dəyişiklik baş verdi. Bunun səbəbkarı müəyyən mənada elə rəqib özü idi. Onlar aşkar heç-heçəyə də razı görünürdülər. Meydandan qovulan futbolçunun heyətin əsas üzvlərindən biri olması, onların daha ehtiyatlı oynamasına və qarşılaşmanın sonrakı gedişinə təsir göstərdi.

Söz yox ki, nominal ev sahiblərinin matçın əvvəlində fərqlənmək üçün əldə etdiyi fürsət də çox şeyi dəyişə bilərdi. Açığı, belə olsaydı, meydanda maraqlı, gərgin mübarizələrdən birini və kollektivimizin potensialının tam ortada olmasını seyr edə bilərdik.

Hələlik görünən odur ki, sükançının qarşısında həllini gözləyən çox problem var. Onun nəyə üstünlük verəcəyi də bəlli deyil. Qarşıdakı matç yoxlama xarakteri daşısa da, prinsipiallığı həm xal, həm də mənəvi cəhətdən əsaslıdır. De Byazinin özü üçün də bir növ əvəzçıxma zamanıdır. Hər yerdə və hər zaman qalib gəlməli olduğumuz bir rəqibə nəinki xal bağışlamağımız, hətta doğma divarlar arasında yenilməyimiz qəti yolverilməz idi. Matçın əks-nəticəsi millimizi sonuncu pilləyə ata bilər. Bunun isə nə demək olduğunu hər kəs bilir. Bir sözlə, qələbə hədəf seçilməlidir.

İndiki vəziyyətdə bu da asan öhdəliyə bənzəmir. Rəqibin heyətində hər şey qaydasında olsa, təzyiq gücündən yetərincə istifadə edə bilər. Sanki lotereyaya bənzər matçda nizam-intizam fərqli olmalıdır. Monteneqro ilə matçdakı nizam və taktiki seçim burada özünü doğrultmaya bilər. Buna görə də mövsümü major notla başa vurmaq üçün məşqçi özünü göstərməlidir.

Sonrası isə bəllidir. AFFA milli komanda üçün maksimal oyun cədvəli hazırlamalıdır. Çünki yeni oyunçulara təcrübə ilə yanaşı, millinin ab-havası da vacibdir.

BATI YAR

Xəbər 324 dəfə oxundu.