Hər yenilik hər yerdə effekt vermir
Builki "Qarabağ" əvvəlkindən fərqlənməyə başlayıb. Yeniləşmənin cəhətlərindən biri oyuna nəzarəti əldə saxlamağa cəhddir.

Lakin bu, Avropa arenasında çıxış edən hər kluba qarşı şamil olunacaq seçim ola bilməz. Çünki burada toplaşan rəqiblərin heç biri ilə müqayisədə "Qarabağ"ın hansısa üstünlüyü yoxdur. Əksinə, rəqiblərin bir-birindən fərqli olduğu qrupda, xüsusən baş-başa gələ biləcəyi iki rəqiblə qarşılaşmalarda "Qarabağ"ın daha çox məhz prinsipial məqamlara diqqət etməsi vacib idi. Maraqlıdır ki, Ağdam klubu deyil, məhz buna elə də ehtiyacı olmayan Türkiyə klubu qonaq komandanı yerli-yataqlı öyrəndiyini əyani nümayiş etdirdi. Elə buna görə də, ərazi oyun üstünlüyünü qarşı tərəfə verib, onun başını qatdı və öz işi ilə məşğul oldu. Rəqib o qədər öyrənilmişdi ki, matç boyunca "Qarabağ"ın bütün oyunu Sizif əməyi qədər oldu.
Nə üçün "Qarabağ"ın bu tərzi uğur gətirmir? İlk növbədə ona görə ki, Ağdam klubu bütün xətlərində sabit heyətə malik deyil. Xüsusən, hücum quruculuğunda optimallıq yoxdur. İkincisi, Azərbaycan çempionu heç milli çempionatda çoxplanlı oyun nümayiş etdirə bilmir. Üçüncüsü, komanda funksional tarazlıq da nümayiş etdirmir. Belə bir məqamda istər cinah, istərsə də mərkəzdən planlı oyun müşahidə olunmalıdır. "Qarabağ" isə rəqibin daha çox boşluqlarını axtarmalıydı. Bunun üçün hər tərəfdən hücum cəhdlərinin səmərəliliyi yoxlanılmalı idi. Lakin bunların heç biri planlı qaydada həyata keçirilmədi.

Ümumən, komandanın oyunu sual doğurur. Belə olduqda, yığmanın bu qrupda, heç olmasa, son ümidi rəqiblərə öz bildiyi kimi deyil, onun oyun tərzinə uyğun yanaşmasıdır. Bundan sonra itiriləcək bir şey qalmadığından "Qarabağ" daha aqressiv oyun da göstərsə pis olmaz. Bunun üçün bir qədər sürətlilik də lazım gələcək.

BATI YAR

Xəbər 325 dəfə oxundu.