Dörddəbirin gözlənilməz lideri
İkinci dövrənin sonuna əsas estafet başlanacaq

Milli futbol çempionatının Premyer liqasında ikinci dövrə start götürüb. Deməli, mövsümün dörd hissəyə bölünmüş hissəsindən biri artıq yekunlaşıb.

İlk dövrə son illərdə ən maraqlı ölkə çempionatını vəd edir. Turnir cədvəlinə nəzər saldıqda, "Sumqayıt"ın liderlik kürsüsündə olması yay transferləri dövrü ilə müqayisədə qəribə görünsə də, yarışdakı vəziyyətin aynasıdır. Əksinə, "Qəbələ" ilə "Səbail"dən fərqli olaraq, "Sabah"ın autsayderlər arasında yer alması bütün mümkün proqnozları alt-üst edir.

Əlbəttə, mövsümdəki bu vəziyyət əvvəlcə favoritliyi şübhə doğurmayan "Neftçi" ilə "Qarabağ"ın problemli oyunu ilə əlaqədardır. Bununla belə, hər iki kollektiv artıq turnir cədvəlində öyrəşdiyimiz yüksək məqamlara yaxınlaşmaqdadır. Bərbad oyunla bu mövqelərdə olan liderlərin potensialı nə qədər böyükdürsə, eyni zamanda, bu, digər kollektivlərin bir o qədər qeyri-sabitliyinin göstəricidir. Əfsus ki, ortabablar illərdir formalaşmış bir strategiyaya xidmət göstərə bilmirlər, yalnız lokal maraqlardan çıxmağa onları təhrik edən qüvvə tapılmır. Beynəlxalq lisenziyalaşdırma tələblərinin hərfi olaraq qəbul edilməsi, təəssüf ki, yerli xüsusiyyətləri nəzərə almır. Doğrudur, biz çempionatı yarıyolda dayandıran kollektivlər görmürük. Əvəzində, inkişaf da yoxdur. Bu ölkənin futbolu isə milli kadrları yetişdirməkdə olan bir-iki klub üzərində dayanıb. Əsas problem də buradan qaynaqlanır. Halbuki, milli çempionatda aşağı yaş qruplarından çıxmış futbolçuların da meydanda olması ilə bağlı tələblər var. Ancaq bu, formal olaraq, yalnız təvəllüdi xarakteri daşıyır. Milli futbol qurumları bunu əsas strateji hədəfə çevirə bilməyiblər. Əlbəttə, bu xüsusda "Sumqayıt"ın zirvədə olması xoş ovqat yaradır. Fərəhli haldır ki, kollektivdə oyun quruculuğunda hücum elementi gündən-günə inkişaf edir. Bu mövsümün bombardirinin bu kollektivdə olması ilə bağlı deyil. Hücum quruculuğu kollektiv məhsul kimi diqqət çəkir və şaxəlidir. Bu səbəbdən də rəqiblərə başağrısıdır. Hücumun müdafiə qanadından başlaması əsaslı iş təsiri bağışlayır. Lakin bu halda komandanın məhz taktiki-strateji olaraq əks istiqamətdə problemlərinə yol açılır. Köklü səbəb isə funksional oyun quruculuğundakı çatışmazlıqlardır. Bunu , sadəcə, "Sumqayıt"ın problem kimi qələmə vermək olmur. Bu, Azərbaycan futbolunda fəlsəfi dayaqların, mütəxəssis korpusunun özünün təlim-təhsil problemlərindən irəli gəlir.

Mövsümün ən yaxşı cəhətlərindən biri kimi, "Zirə"nin növbəti yüksəlişə qədəm qoymasını göstərmək olar. Yeni sükançı komandada, xüsusən hücum baxımından əsaslı düzəlişlərə nail olub, amma formalaşmanın hələ davam etdiyi də əyani görünür. Maraqlıdır ki, Rəşad F.Sadıqov özü müdafiəçi olsa da, hələlik və əsasən bu sahədə istədiyinə nail ola bilmir. Yəqin Almeydanın komandaya gəlişi ilə əməli canlanmanı görə bilərik.

"Keşlə"nin problemlərinin həlli üçün hələ çox gözləmək lazım gələcək. Komandanın struktur problemləri tam həllini tapmayana qədər nəinki meydanda, hətta ondan kənarda da çox suallar cavabını tapmalıdır. Bu səbəbdən mövcud quruculuq işləri üçün hələ bir qədər də gözləmək lazım gələcək.

"Sabah"da hər şey rəhbərlikdən asılı olacaq. Buarada məsələ baş məşqçinin istefasından getmir. Əsas bu istefalara zəmin yaradan səbəblərdir. Kollektivin mövsümə ildırım sürəti ilə başlayaraq qəfil sönməsi heç də yalnız oyunla bağlı olan səbəblərdən törəmir. Hər halda israrlı qərarlılığı rəhbərlik nümayiş etdirdikdən sonra bu barədə yazmaq mümkün olacaq.

Mövsümün autsayderləri hesab edilsələr də, nə "Səbail", nə də ki, "Qəbələ" meydanda zəif bəndlərdən deyillər. Hətta imkanlar həddi ilə müqayisələr təhlili aparılsa, onlar rəqiblərindən çox üstün görünərlər. Buna görə də dövrə başa çatsa belə, "hələ mövsümün astanasındayıq" deyə bilərik. Qarşıda kiçik fasilələrdən biri də olacaq. Məsafə baxımından bundan sonra ikinci dövrənin sonuna qədər əsas estafet başlanacaq. Bir sözlə, qış mövsümünə qədər komandaların arayış-axtarışları davam edəcək.

BATI YAR



Xəbər 319 dəfə oxundu.