Fərqli oyunlar, bənzər nəticələr
Türkiyədəki ev-səfər oyunları həlledici olacaq

Budəfəki Avropa klub kuboku yarışları əvvəlki illərdən çox fərqlənir. Yeni növ koronavirus ("COVID-19") pandemiyasının diktə etdiyi şərtlər futbol oyununu təhlükə xofu qarşısında sınağa çəkməklə yanaşı, boş tribunalar qarşısında meydana çıxmaq da bir məşəqqətə çevrildi. Psixoloji təzyiqin hər futbolçuya təsiri və natamam hazırlıq Avropanın, az qala, hər ölkəsində, hər komandasında hiss olunur.
Azərbaycan da istisna deyil. Onsuz da futbolu natamamlıqlar kompleksindən əziyyət çəkən ölkənin klubları arasında Avropa Liqasının məsul yarışına yenə yalnız biri və yenə "Qarabağ" çıxa bildi. Əlbəttə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatla işğal etdiyi torpaqlardan dinc sakinlərimizi atəşə tutaraq ordumuzun hissələrinə hücumu cavabsız qalmadı. Şanlı ordumuzun əks-həmlələri nəticəsində qısa müddət ərzində 4 rayon mərkəzi, qəsəbələr və kəndlərimiz işğaldan azad olundu və şərəf yürüşü davam edir. Bu xüsusda ölkəmizi Avropa arenasında işğal altında olan Ağdamın futbol klubunun təmsil etməsi də Azərbaycanın haqq sədasının eşidilməsində xüsusi rol oynayır.

İllərdir "Qarabağ" bu məsul vəzifənin öhdəsindən layiqincə gəlir və haqq səsimizin eşidilməsində və bu işğalın mahiyyətindən daha çox insanın agah olmasında az rol oynamayıb. Təbii, istərdik "Qarabağ" yaşıl meydanlarda da uğurları ilə bu səsi daha inamlı və mətin etsin. Lakin elə yaranmış vəziyyətlə əlaqədar, UEFA millimizin və Ağdam təmsilçisinin ev matçlarını ölkəmizin hüdudlarından kənarda keçirməsi barədə qərar verib. "Qarabağ" İstanbula üstünlük verdi. Amma qrupun favoriti hesab edilən "Vilyarreal"la qarşılaşmaya qədər Azərbaycan çempionu İsrailə səfər etdi. Açığı, ilk matçın ilk dəqiqələri istisna olmaqla, sonrakı vaxt ərzində meydanda nələr baş verdiyini anlamaq olmadı. Əslində, qapıçı olmasaydı, yəqin nəticə fərqli olardı.

Ümumən, "Qarabağ"ın orta zolaqda möhkəm oyun göstərən və yaxud sıx müdafiədə olan kollektivlərlə çətinliklə mübarizə aparmasının çox şahidi olmuşuq.

Elə buna görə, yarış ərəfəsində məşqçi korpusunun hər rəqibinə fərdi yanaşmasının vacibliyini qeyd edirdik. Araşdırmanın lazımi səviyyədə olmaması əvvəldən özünü büruzə verdi.

Nəticədə, meydana əzmlə və sabit mütəşəkkil oyunla çıxmış "Qarabağ" buraxdığı qoldan sonra tamamilə dəyişdi. Oyunun ipini baş məşqçi və onun dəyişiklikləri yığa bilmədi.

İstanbulda keçirilən ikinci matçda, oyunçu itkilərinə rəğmən, “Qarabağ” bu dəfə uzun müddət mütəşəkkilliyini, ciddi oyun planını konstruktiv şəkildə qorudu. Konstruktivlik deyəndə, komandamızın rəqib qarşısında əlahiddə üstünlüyünün olmayacağı məlum idi. Çünki "Vilyarreal" aqressivlik baxımından sürət əmsalını sevən komandalardandır. Fəqət ilk yarıda onlar da "Qarabağ"dan əməllicə çəkindiklərini və hələ örənmək üçün tələsmədiklərini nümayiş etdirdilər. "Qarabağ" isə rəqibin müdafiəsini yarmaqda xüsusi bir planının və gücünün olmadığını elə bu hissədə nümayiş etdirdi. Zənnimcə, fasilədən sonra rəqib də bunu hiss etdi. Amma bunun cəzasını çox maraqlı şəkildə alsa da, dərhal cavabını verməklə "ayağı açıldı". Bəlkə də bəxt amili onların tərəfində oldu. Nə baş verdisə, bundan sonra oldu. "Qarabağ"ın qəfil və ifrat yorulması da inandırıcı görünmədiyindən, haradasa arxayınçılıq sözünü dedi. Söz yox ki, sinirlərin optimal diqqət tarımına çatdığı bir qarşılaşma olsa belə, bunun son dəqiqələrdə baş verməsi çox üzücüdür. Çünki heç-heçə "Qarabağ"ın sonrakı görüşlər üçün böyük psixoloji üstünlüyünü təmin edə, hətta rəqiblərin ona fərqli yanaşaraq, səhvlərə asanlıqla yol verməsinə səbəb ola bilərdi. Bir sözlə, "Makkabi" ilə matçda tamamilə xaraktersiz bir oyunun nəticəsindən çox məhz İstanbuldakı məğlubiyyət çox acı oldu.

Oyun planında çox söz deyilə bilər. Yenə komandanın natamamlığı kadr potensialından başlanır. Oyunçu çatışmazlığı və illərdir Avropa səviyyəsində olan lakin səviyyəsini artıra bilməyən bir komanda üçün bu təhlükə mənbəyidir. Çünki illərin durğunluğu tənəzzülə apara bilər.

Taktiki planda Azərbaycan çempionu rəqiblərini öyrənməyə məcburdur. Qismən olsa belə, oyunu onlara görə tarazlamalıdır. Strateji olaraq, 90 dəqiqəlik funksional oyuna hazırlıqlı olmaması və fiziki imkanların buna yol verməməsi də baş məşqçi üçün dəyişik planlardan faydalanmağı tələb edir. Xüsusən çex hakimlərin qəribə davranışı, oyun vəziyyətlərini aşkar qeyri-obyektiv qiymətləndirməsi göz önündə idi. Sonuncu qola gətirib çıxaran penaltinin verilməməsi bir başqa söhbətin mövzusu ola bilər. Əlbəttə, vaxtilə İtaliya "İnter"inin qələbəsinə yol açan məşhur oyunu xatırlayıb, bu ölkə hakimlərinin qərəzinin təsadüf olmaması mümkündür və araşdırıla bilər. Bütün bunlar şərtidir və bu dəfə komandamızın itirdiyi 3 xala təsirli olmamasını qeyd edək.

Söz yox, daxili çempionatdan sonra ev oyunu üçün ölkəni tərk etmək məcburiyyəti sözünü deyir. Lakin illərdir Avropa səhnəsində olan komanda üçün buna hazırlıqsız olmaq bəhanə sayılmalıdır.

Bir sözlə, "Qarabağ"ın nəticə naminə çarpışmaq üçün son şansıdır. "Sivasspor"la qarşılaşmalar həlledici olacaq.

BATI YAR

Xəbər 349 dəfə oxundu.