Ümid möcüzəyə qalır
Dörd oyun, dörd fərqli komanda

Milli futbol komandamızın Avropanın Millətlər liqasındakı ikinci macərası da istədiyimiz nəticə ilə başa çatmayacaq. Komanda yalnız nəzəri olaraq birinci yerə iddialıdır. Bu isə o deməkdir ki, hələlik görüləsi işlərdən çox danışmalıyıq. Amma təkcə buna görə deyil. Elə komandanın ötən dörd oyunu da bunu göstərir və deyir.
Dörd görüşün hər birində meydanda fərqli üslüb, niyyət, forma və məzmunlu komanda gördük. Hərçənd, fikrimcə, sükançı ötən qarşılaşmaya ilk matçda olduğu və təlqin etdiyi üslub və taktiki standartla çıxmalı idi. Kiprin ötən oyunlarını yaxından izləyənlər də bunu əyani müşahidə etməmiş deyillər. Deyəsən, ya gözü qorxub, ya da onu daha çox nəticə sabitliyi maraqlandırmağa başlayıb. Bu, ötən ikimatçlıq seriyanın ən qaranlıq və şübhə doğuran tərəfidir.

Podqoritsa millimizin iştirakı ilə Yuqoslaviyanın növbəti parçalanma tarixinin ən möhtəşəm nəticəli qarşılaşmalarından birinə ev sahibliyi etdiyindən bu görüşə mental baxımdan ümidlər çox idi. Bəlkə də futbolçuları o xatirələrin ovqatına kökləyən olsaydı, meydanda fərqli psixoloji durumda olan heyət görərdik. Futbolun oyun standartları ilə natamam futbolçu heyətinə məhz mental-psixoloji səmtdə iş daha çox görülsə, pis olmaz. Ümumən, elə zənn edirdim ki, yeni sükançı yekun nəticələrdən çəkinməyərək, hər görüşə komandanı optimal taktiki planla yanaşı, maksimal vəzifələrlə çıxaracaq. Əfsus, Monteneqroda bunu müşahidə etmədik. Azərbaycan komandasının etməli olduğunu isə daha sonra Lüksemburq əyani nümayiş etdirdi.

Səfər oyunu hər mənada komandamızın taktiki və strateji baxımdan yetərincə hazırlaşdırılmadığını göstərdi. Baş məşqçinin bu mənada zəif olduğunu düşünmürəm. Ancaq onu buna sövq edən məqamlar da olmamış deyil. Bu isə onu göstərir ki, o, sələfləri kimi, təkcə öz düşüncəsinin və ya məşqçi təfəkkürünün deyil, tövsiyə edilənlərə də diqqət yetirir. Hərçənd o unutmamalıdır ki, nüfuz baxımından bütün bunlar komandanın mental olaraq dəyişməməsinə və onun da əvvəlki əcnəbilərin taleyini yaşamasına gətirib çıxara bilər. Azərbaycan futbolçusu qarşısında iddiasını hökm kimi diktə etməyən məşqçi görməyincə süstləşir və nəticədə, hamam-tas status-kvosu yerində saydırır.

Məşqçinin yeniliklərə əl atmaq üçün hər bir imkanı var idi. Monteneqro ilə oyunun bir sıra epizodlarında və kəsimlərində də bunu görmək olurdu. Təəssüf ki, bu işarələrdən də faydalanmadı və yekunda ikinci qolla qarşılaşmanı məğlub tərk etdi. Söz yox ki, buraxılan qolları qapıçı ilə müdafiəçilərin üzərinə atmaq olar. Amma, zənnimcə, nəticə daha çox yarımmüdafiənin bütün istiqamətlərində yetərsizliyi üzündən hasil oldu. Bu hücum dişsizliyinin də açarı idi. Halbuki cüzi təpər yetərdi ki, hər şey 180 dərəcə dəyişsin. Bunu sükançı görmədi və ya risk etmədi, lazım olan dəyişikliyə əl atmadı və məğlubiyyət qaçılmaz oldu.

Yanaşmanın əks-sədasını bitərəf meydanda keçirilən ev matçında da müşahidə etdik. İkinci hücumçuya ehtiyac artıq Ramil Şeydayevin əldən verdiyi epizodlardan əyani hiss olunurdu. Ümumən Kiprlə matçda komanda elə ilk hissədə qələbənin təməlini qoya bilərdi. Əfsus ki, qələbə istəyinin hədsizliyi futbolçuların tələskənliyinə gətirib çıxatrdı. Ramil Şeydayevin formadan uzaq görünməsi, bundan da əfzəl dəstəyə ehtiyacının olması ikinci hücumçunun meydana salınmasını tələb edirdi. Çünki oyun quruculuğunun natamamlığı və istəyin imkanlar səviyyəsini aşması buna işarə idi. De Byazi özünü növbəti dəfə böyük taktiki usta kimi göstərmədi. Bunun səbəblərini indi açıq demək olmur. Amma yaxşı cəhət onun komandaya təzə qan gətirmək istəyidir. Yeni oyunçuların gəlişi və artıq daha üç futbolçunun ilk dəfə millinin formasını geyinməsi ötən dövrdən qalan əsas ümiddir.
Bunun müvəqqəti, yaxud həmin oyunçuların transfer qiymətlərində deyil, həqiqi oyun formalarında əksini tapması bundan sonra çox vacibdir. Başqa sözlə, bu futbolçuların parlayan ulduzu deyil, onlara böyük etimad olaraq daha səylə oynamalarına gətirib çıxararsa, baş məşqçi artıq nöbəti rəsmi turnirdə normal kollektiv formalaşdıra biləcək. Hər halda onun karyerasının Albaniya erasının təkrarlanacağına ümid edərək, qarşıdakı son iki matçda mümkün maksimal nəticə qazanmasına böyük ehtiyac var. Məşqçi bunu yəqin yaxşı anlayır. Ötən iki matçda yalnız buna köklənməsinin yeganə izahını hələlik buna bağlamaq istərdim. Hər halda təxminən bir aydan sonra bu barədə danışmaq mümkün olacaq.

BATI YAR

Xəbər 327 dəfə oxundu.