Əsl intriqa yaranıb
Milli futbol çempionatının Premyer liqasında mübarizənin cəmi 5 turu geridə qalıb. Builki mövsümün ən mühüm cəhətlərindən biri qeyri-sabitlik fonunda liderlərlə ortabablar arasında sərhədlərin yuyulması və rəqabət mühitinin həftədən-həftəyə dəyişməsidir.

Bundan öncəki icmalımızda qeyd etdiyimiz kimi "Sabah" yeni sükançısı ilə daha mütəşəkkil oyun göstərirdi, amma indi, obrazlı desək, çarx əksinə hərəkət etməyə başlayıb. Əvəzində yeni baş məşqçi ilə mövsümə qədəm qoymuş digər kollektiv - "Zirə" son iki həftənin mübariz oyunu və nəticələri ilə seçilir.

Əslində, qeyd edilən hər iki klubda dəyişən çox şey yoxdur. "Zirə"ni irəli aparan qismən təkmilləşmiş taktiki gedişlər və funksional hazırlıqdır. Komandanın yeni sükançısının təlqin etmək istədikləri aydınlaşır. Bunun nə qədər effektli olacağını isə milli komandanın oyunları ilə bağlı yaranmış fasilədən sonra müşahidə edə biləcəyik. Bu fasilə komandanın daha çox karına gələ və oyun planında sabitləməyə apara bilər.

"Sabah"ın son uğursuzluqlarının izahı bir qədər çətindir. Bunaqədərki uğurların tam sabitləşməyə aparması daha real görünürdü, axı, komandanın bütün oyun elementlərində getdikcə artım müşahidə olunurdu. Hər halda klubun oyununa qiymət vermək üçün hələ bir qədər də gözləmək lazım gələcək. 10 gündən artıq davam edəcək fasilə komanda üçün götür-qoy, problemlərin kökünü tapmaq baxımından əhəmiyyətli olacaq.

"Qarabağ" və "Neftçi" ilə bağlı təhlillər bir-birinə yaxın idisə, indi tam fərqlidir. "Qarabağ"ın Avropa liqasının əsas mərhələsinə vəsiqə alması komandanın mürəkkəb seriyalar içində olacağını göstərir. Milli komandanın oyunları da klubun hazırlıq prosesində əksini tapacaq. Ölkənin bir nömrəli komandasının, əsasən, Ağdam klubunun üzvlərindən ibarət olması əsas səbəbdir. Polşada komandanın nümayiş etdirdiyi forma və taktiki hazırlıq kollektivin qüvvəsini yenidən bərpa etməyə yaxın olduğunu göstərir. Hər halda baş məşqçi Qurban Qurbanovun əsas vəzifəsi oktyabrın 17-dək davam edəcək fasilədə ehtiyat oyunçuların taktiki hazırlığını optimallaşdırmaq üçün plan cızmaq və tədbirlərə başlamaq olacaq. Klubun bir vaxtlar sürətlə diqqət ayırdığı bazasını son illərdə lazımınca gücləndirməməsi xüsusi mövzudur. İndi kollektiv məhz bu mənada irəliləməlidir.
"Neftçi"nin Avrokubokdan sonra toparlanacağını gözləmək olardı, lakin komanda sanki göz önündə əriyir. Sistemli yanaşma anlayışında tam pərakəndəlik hökm sürməyə başlayıb. Taktiki çiylik hər oyun elementində özünü büruzə verir və komandanın istənilən nəticələri ala bilməməsində əksini göstərir. Bunun komandadakı ab-havaya təsir etməsi daha təhlükəlidir.

"Sumqayıt"ın bu qədər tez özünə gəlməsi potensial imkanları layiqincə dəyərləndirməsi və rəqiblərin də qeyri-sabit oyunu ilə əlaqədardır. Klubun qarşıdakı fasilədən çətinliyi əksər əsas heyət üzvlərinin milliyə dəvət alması ilə bağlıdır. Lakin yeni qüvvəyə güvənən və bu mənada uğurlu seriyaya uyğunlaşmış klubda bu reseptlə işlər sürətləndirilsə, yeni adların kəşfi özünə xeyir gətirməklə, futbolumuza da töhfə olacaq.

"Keşlə"dəki vəziyyət sükan arxasındakı dəyişikliklərə uyğundur. Yeni baş məşqçinin komandanı öz üslubuna doğru aparmasının izləri görünməkdədir. Lakin bu proses tamamlanmadığı üçün qarşıdakı dövrə proqnoz vermək də çətindir vəz gözləmək lazımdır.

"Qəbələ" və "Səbail" isə ümidləndirir. Xüsusən "Qəbələ"nin minimal imkanlarla asanlıqla yenilən olmayacağı buna qədər də sübut olunmuşdu. Komandanın nəticələr əldə etməsi çox mürəkkəb ssenarilər tələb edir. Müsbət cəhət odur ki, indiki imkanlar daxilində kollektivin formalaşdırıldığını söyləmək olar, qalır ən müşkül olanı - potensialı rəqabətədavamlı həddə çatdırmaq. "Səbail"də isə əksinə, bəlli oyunçuların bir məqsəd ətrafında toparlanmasıdır. Məşqçi seçimini təqdir etmək olar, turdan-tura irəliləyiş hiss olunur. Lakin daxili sabitlik və ən əsası elə bu faktoru da müəyyən edən məsələ - digər rəqiblərin də hazırlıq səviyyəsi həlledici olacaq.

Ümumi mənzərə belə deməyə əsas verir ki, səviyyə aşağı düşsə də, çempionatda əsl intriqa yaranıb. Hadisələrin axarını isə proqnozlaşdırmaq daha da çətinləşib.

BATI YAR

Xəbər 330 dəfə oxundu.