Azad Rəhimovun yolu...
2006-cı ilin fevralı idi. Azad Rəhimov yenicə nazir təyin edilmişdi. Bu o demək idi ki, birlikdə çalışacaqdıq, mənim yeni rəhbərim olacaqdı. Buna görə də tanışlıq üçün qəbuluna getdim. Otağına daxil olanda məni girişdə qarşıladı, görüşdük. Yer göstərib, özü də əyləşəndən sonra özünəməxsus təbəssüm və səmimi bir tərzdə söhbətə başladı. Onunla ilk görüşümdə səmimiyyəti, pozitivliyi məndə yüksək təəssürat oyatdı.

Sonralar tədbirlərdə tez-tez görüşürdük. Sözü olanda birbaşa zəng edər, otağına çağırıb, tapşırıqlarını verərdi. Birlikdə uzun yola da çıxdıq, tədbirlərdə də iştirak etdik. Dəfələrlə şahidi olmuşam, beynəlxalq aləmdə tanınmış, nüfuzlu idman funksionerləri onunla necə səmimi görüşür, hörmətlə yanaşırdılar.

Azad Rəhimov çox vətənpərvər insan idi. Rio Olimpiadasında idmançılarımızın bir-birinin ardınca yarımfinala, finala yüksəlib, son anda qızıl medalı əldən vermələri onun çox məyus etmişdi və böyük həyəcanla Azərbaycanın himninin səslənməsini, bayrağını yüksəkdə dalğalanmasını gözləyirdi. Olimpiadanın sonuna yaxın, taekvondoçumuzun qızıl medal qazandığı anda bütün nümayəndə heyətinin diqqəti Azad müəllimə yönəldi. Gözləri dolmuşdu, sevincindən ağlayırdı.

Rəhbərlik etdiyi kollektivin hər bir üzvü onun üçün dogma və əziz idi. İdmançıların və gənclərin yaxın dostu, sevimlisi idi. Onların inkişafı üçün əlindən gələni edirdi.
7-8 il bundan əvvəl təşkilati işlərini mənə həvalə etdiyi dünya idman jurnalistlərinin Bakı konqresinin uğurla təşkilindən çox razı qalmışdı. Tədbirin sonuncu günü bağlanış mərasimində çıxış edərkən məni səhnəyə dəvət edib bütün xarici qonaqların qarşısında xüsusi təşəkkür etdi.

Bir neçə gün sonra isə məni yanına çağırıb həmişəki mehribanlıqla hal-əhval tutduqdan sonra "Sənin təşkilatçılıq bacarığını gördüm. Bu il babam Sadıq Rəhimovun 100 illiyidir, istəyirəm yubileyin təşkilati işləri ilə sən məşğul olasan", - dedi. Məmnuniyyətlə razılıq verdim və Azad müəllimin maliyyə vəsaiti ilə 2014-cü ildə Sadıq Rəhimovun, 2019-cu ildə isə Əhməd bəy Ağaoğlunun yubileylərini təşkil etdik. S.Rəhimov Azad müəllimin öz babası, Ə.Ağaoğlu isə anası Elmira xanımın babasının qardaşı idi. Hər iki şəxsiyyət Azərbaycan dövlətçilik tarixində mühüm iz buraxmış, vətənpərvər insanlar olublar. Belə bir soykökünə malik olan Azad Rəhimovun dövlətə sədaqəti, vətənpərvərliyi və humanistliyi təsadüfi deyildi.

Hələ sovet ideologiyasının hökm sürdüyü 60-cı illərdə erməni keşişi Qarabağ iddiasına görə söyüb otağından qovan - Sadıq Rəhimovun əsl davamçısı idi, Azad Rəhimov.

İdmanı, idmançıları sevirdi. Buna görə də idman ictimaiyyətinin rəğbətini qazanmışdı. Gənc ruhlu insan idi və gəncliyin sevimlisinə çevrilmişdi. Vəfatından sonra onun itkisini minlərlə insanın ağrı ilə qarşılaması, sosial şəbəkələrdə onunla bağlı kədərli notlara köklənmiş təəssürat və xatirələrin paylaşılması Azad müəllimin hər kəsin qəlbini fəth etdiyini göstərir.

"My way" (mənim yolum) ən sevdiyi və özünün də gözəl oxuduğu mahnı idi. Son günlər bu mahnı Azad Rəhimovun ifasında paylaşılır və dinlənilir. Mahnının sözlərinə diqqətlə qulaq asdıqda, həqiqətən də həmin sözlərin Azad Rəhimovun keçdiyi yolu ifadə etdiyini görmək olur. Deməli, Azad müəllimin bu mahnını bu qədər sevməsi və dəfələrlə ifa etməsi təsadüf ola bilməz. Öz həyatını bu mahnıda görüb, yaşayıb və həyatının mahnısını seçib, sevib.

"My way" mahnısında deyildiyi kimi:

- “Və indi, son yaxındır və beləliklə mən son pərdə ilə üzləşirəm, dostum, açıq deyirəm, vəziyyətimi açıqlayacam...

Həyatım taleyin zərbələrini ləyaqətlə aldığımın sübutudur. Bəli, hər şeyi öz yolumla etdim"


Bəli, Azad Rəhimov hər şeyi öz yolu ilə etdi! Uğurla, qürurla və şərəflə! Bu onun yolu idi. Gəldi, Vətənə, elinə, obasına sədaqəti, məhəbbəti ilə yaşadı, yaratdı.… Amma çox sevdiyi həyatı erkən tərk etdi.…

Son illər səhhətində problemlər var idi, lakin bunu hər kəs bilmirdi. Çünki, Azad Rəhimov öz problemini kiməsə danışan insan deyildi. O daha çox başqalarının problemlərini həll etmək üçün gəlmişdi bu dünyaya.

Möcüzə ola biləcəyinə inanmasaq da, aprelin son saatlarında gələn xəbər son ümidimizi öldürdü. İnanmaq çətindir, Azad Rəhimov kimi bir insan həyatda yoxdur.

Bütün işlərin öhdəsindən gələ bilən, bacarıqlı rəhbər, səriştəli təşkilatçı, vətənpərvər şəxsiyyət. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər kəsə hörmətlə yanaşan, gülərüz, səmimi, mehriban, pozitiv, müsbət aurası olan insan idi. Bir az da şən zarafatları var idi. Tabeliyində olanlara nazir, rəhbər olmaqdan çox dost-qardaş doğmalığı ilə davranan şəxsiyyət idi.

Axırıncı dəfə noyabrın 13-də görüşmüşdük. İş otağında çəkilişdən sonra sağollaşdıq və dedi ki, müayinəyə gedəcəyəm, nə sözün olsa zəng edərsən və ya mesaj yazarsan, cavab verərəm. Nə zaman qayıdacağı ilə bağlı sualıma isə dəqiq cavab deməsə də, tez qayıdacağını bildirdi. Amma...

Böyük və kövrək ürək sahibi Azad müəllim bundan sonra qəlbimizdə yaşayacaq.
İnanmaq istəmirəm, inana bilmirəm, inanmağım da gəlmir, doğrudanmı bizim Azad müəllim daha yoxdur? O İNSANI itirdik? Təəssüf, çox təəssüf! Onun haqqında keçmiş zamanda-danışmaq nə qədər ağır olsa da acı reallıq budur. Həyat qısa, dünya isə fanidir. Babası Sadıq Rəhimov da, atası Arif Rəhimov da qısa ömür yaşamışdılar. Azad müəllim də bu alın yazısını dəyişə bilmədi. Pozitiv, enerjili və həyat dolu bu böyük insan gedişi ilə onu tanıyan hər kəsi məyus etdi...

Qabil Mehdiyev
Əməkdar jurnalist


Xəbər 1040 dəfə oxundu.