Voleybolçumuz Natalya Məmmədova karyerasını başa vurub
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədova karyerasını başa vurub.

2018-ci ildə dünya çempionatından sonra milli komandada çıxışını dayandıran voleybolçu “Volero le Kannet” klubunda “Mark En Barel” komandasına qarşı keçirdiyi görüşü son matçı adlandırıb.

2003-cü ildən Azərbaycan voleybolunda çıxış etməyə başlayan Natalya həm milli komandamızda, həm də “Azərreyl”, “Rabitə” klublarının şərəfini qoruyub. Uzun illər Faiq Qarayevin baş məşqçiliyi altında yığmada və “Azərreyl”də forma geyinən N.Məmmədova dünyada da “dəmiryolçular”ın heyətinə keçidindən sonra parlamağa başlayıb. O, ölkəmizdə lazımı forma yığdıqdan sonra beynəlxalq arenada öz sözünü deməyə başlayır və kifayət qədər güclü bir hücumçuya çevrilir. Bu səbəbdən onu son 2 onilliyin ən yaxşılarından adlandırırlar.

N.Məmmədova Azərbaycan millisi ilə 2005-ci və 2017-ci illərdə Avropa çempionatının yarımfinalçısı olub. 2007-ci ildə Avropanın ən yaxşı oyunçusu olaraq "Qızıl top" mükafatına layiq görülüb.

Uzun müddət ölkə xaricində çıxış edən voleybolçu 2011-ci ildə yenidən Azərbaycana dönüb və buna səbəb “Rabitə” klubu tərəfindən edilən dəvət olub. Dəvəti qəbul edən voleybolçu “Rabitə” klubunun kapitanı olaraq 2011-ci ildə Dohada keçirilən klublararası dünya çempionatının qızıl medalını qazanıb. N.Məmmədovanın Bakı klubundakı uğuru Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. O ölkə voleybolunda xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.

Klublararası dünya çempionu və iki dəfə bürünc mükafatçı olan N.Məmmədova Çempionlar Liqasının finalçısı olub. O, üç dəfə Çempionlar Liqasının bombardiri olub, bir dəfə “Dördlər finalı”nın ən yaxşı topu oyuna daxil edən voleybolçusu seçilib.

Otuz yeddi yaşlı voleybolçu karyerası ərzində 10 ölkənin 14 klubunda forma geyinib. O, Ukraynada “Zareçye-Odintsovo”, Azərbaycanda “Azərreyl”, “Rabitə”, İsveçrədə “Volero”, İtaliyada “Kyeri”, İspaniyada “İkaro”, Türkiyədə “Türk Telekom”, Rusiyada “Omiçka”, Krasnodar “Dinamo”su və Kazan “Dinamo”su, Qazaxıstanda “Altay”, Çində “Lyaonin”, İndoneziyada “Cakarta Pertamina”, Fransada “Volero le Kannet”in şərəfini qoruyub.

Xəbər 351 dəfə oxundu.