Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcəklər
Futbol üzrə Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcəklər.

Ayxan Abbasov 2018/2019-cu il mövsümündə olduğu kimi, yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb. “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub. Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.

Həmçinin Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.

Qeyd edək ki, baş tutan son finalda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 592 dəfə oxundu.