İki gənc güləşçimiz Rusiyada xatirə turnirinin finalına yüksəlib
Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək dörddəbir finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

Digər güləşçimiz Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanıtmayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan C.Hacıyev finala vəsiqə qazanıb. Hər iki güləşçimiz qızıl medal uğrunda görüşdə Rusiya idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, final qarşılaşmaları bu gün keçiriləcək.

Xəbər 378 dəfə oxundu.