“Keşlə” klubu Azərbaycan Kubokunun finalına yüksəlib
Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Günün ikinci cavab oyununda "Zirə" "Keşlə"ni qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Şəhriyar Əliyev avtoqol müəllifi olub.

Matçın 66-cı dəqiqəsində Sezar Meza Kolli hesabı bərabərləşdirib. 30 yaşlı paraqvaylı yarımmüdafiəçi 90+1-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Zirə" ilk görüşdə 2:1 hesablı qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Sezar Meza Kolli özünün və komandasının üçüncü qoluna imza atıb. Görüşün 112-ci dəqiqəsində Klesio Bauk fərqi azaltsa da, "Keşlə" yekunda 3:2 hesablı qələbəyə sevinib.

Beləliklə, "Keşlə" tarixində 6-cı dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici qarşılaşmada "Sumqayıt"la üz-üzə gələcək. Final oyunu mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.

Xəbər 363 dəfə oxundu.