Sabah karateçilərimiz Premyer Liqa turnirində mübarizəyə başlayırlar
Sabah karateçilərimiz Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizəyə başlayacaqlar.

Mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 15 idmançıdan ibarət heyət iştirak edəcək.

Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edir.

Karateçilərdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Asiman Qurbanlı (84 kiloqramdan yuxarı), həmçinin, Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kiloqramdan yuxarı) tatamiyə çıxacaqlar. Kata yarışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.

Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq.

Mayın 2-dək davam edəcək Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq.

Xəbər 361 dəfə oxundu.