Bədii gimnastika ulduzları yenidən Milli Gimnastika Arenasında
Son illərdə xarici idmançılar üçün sevimli təlim-məşq və yarış məkanına çevrilmiş Milli Gimnastika Arenası yenidən öz qapılarını dünyaca məşhur bədii gimnastlar üçün açacaq.

Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci ildə bədii gimnastika üzrə dünya kubokunun mayın 7-9-da mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilməsinə icazə verib. “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kuboku yarışlarının baş tutması ilə bağlı həm ölkə təmsilçilərimiz, həm də xarici gimnastlar üçün sevindirici olub.

Azərbaycanı bu yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edəcək.

Dünya kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 63 gimnast mübarizə aparacaq.

Xəbər 372 dəfə oxundu.