IBSA-nın idman direktoru Yanoş Tardoş Heydər Əliyev adına İdman Arenasında olacaq
Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş Bakıda səfərdədir.

Y.Tardoşun səfərinin məqsədi Bakıda təşkil olunacaq paracüdo üzrə Qran-Pri yarışlarına hazırlıq barədə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində qonaq Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə görüşlər keçirəcək, Qran-Prinin təşkil olunacağı Heydər Əliyev adına İdman Arenasında hazırlıq prosesi ilə tanış olacaq.

Y.Tardoş artıq Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb. Görüş zamanı belə mötəbər tədbirin yenidən Bakıda baş tutmasının sevindirici hal olduğu, Qran-Prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradıldığı və hazırlıq işlərinin yaxın günlərdə tam yekunlaşacağı vurğulanıb.

Qeyd edək ki, mayın 25-26-da Bakıda keçiriləcək Qran-Pri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Xəbər 340 dəfə oxundu.