“New In Chess Classic”: Şəhriyar Məmmədyarov yarımfinalda Hikaru Nakamura ilə mübarizə aparacaq
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində yarımfinalın matçları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək. Yarımfinalın digər matçında isə Maqnus Karlsen ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Ş.Məmmədyarovla yanaşı, şahmatçımız Teymur Rəcəbov da yarışa qatılmışdı. O, dörddəbir final mərhələsində Maqnus Karlsenə məğlub olub.

Şəhriyar Məmmədyarovun “Champions Chess Tour” onlayn şahmat seriyasında ilk dəfə çıxışı bundan əvvəlki - dördüncü mərhələyə təsadüf edib. Həmin yarışda şahmatçımız ilkin mərhələdə məğlub olub. Digər şahmatçımız Teymur Rəcəbov isə “Champions Chess Tour” onlayn şahmat seriyasının bütün mərhələlərində iştirak edib. O, seriyanın ikinci- “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı məğlub etməklə yarışın qalibi olub, üçüncü - “Opera Euro Rapid” mərhələsində isə 3-cü yeri tutub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 363 dəfə oxundu.