Azərbaycanın cüdo üzrə iki məşqçisi Yaponiyanın İmperator ordeni ilə təltif olunub
Azərbaycanın cüdo üzrə iki məşqçisi Yaponiyanın “2021-ci il Yaz Mövsümü Əlahəzrət İmperator” ordeni ilə təltif olunub.

Bu barədə “Gündoğar ölkə” hökumətinin aprelin 29-da qəbul edilmiş qərarında bildirilir. Qeyd edilir ki, Yaponiya hökumətinin qərarına əsasən, 117 əcnəbi və 4 mindən çox Yaponiya vətəndaşı mükafata layiq görülənlər siyahısında yer alıb.

Təltif olunanlar arasında Azərbaycanın Kanokan-TT Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəblinin də adları var.

Bildirilir ki, T.Həsənov Azərbaycanın ilk cüdoçularından biri olub və 1972-ci ildən bəri bu sahə üzrə məşqçi kimi çalışıb. Onun tərəfindən 100-dən çox Olimpiya idmançısı daxil olmaqla, çoxsaylı istedadlı cüdoçular yetişdirilib. Eyni zamanda, T.Həsənov beynəlxalq dərəcəli üç cüdo hakimi və çoxsaylı cüdo məşqçisi yetişdirib. Cüdo üzrə məşqçi olaraq ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri olaraq idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verib.

Yüksək mükafatla təltif edilən Ə.Rəcəbli də Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərib və məşqçi kimi 500-dən çox idmançı yetişdirib. Paralimpiya cüdosu üzrə ikiqat qızıl medal sahibi İlham Zəkiyevin 2004-cü il Afinada baş tutmuş XII Yay Paralimpiya Oyunları və 2008-ci il Pekində keçirilmiş Yay Paralimpiya Oyunlarında 100 kiloqram çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol oynayıb. Bununla da Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük təsir göstərərək, ölkədə cüdo və paracüdonun inkişafına əvəzsiz töhfələr verib.

Qeyd edilir ki, veteran idmançıların hər ikisi Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rising Sun) ilə təltif olunublar.

Həmçinin bildirilir ki, ordenlərin və bunlarla bağlı diplomların sahiblərin təqdim olunması ilə əlaqədar Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.

Xəbər 389 dəfə oxundu.