AMPK-nın prezidenti İlqar Rəhimov və IBSA-nın idman direktoru Yanoş Tardoş arasında görüş olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş arasında görüş olub.

AMPK-da keçirilən görüşdə Bakıda təşkil olunacaq paracüdo üzrə Qran-Pri yarışlarına hazırlıq barədə müzakirələr aparılıb.

Komitə prezidenti İ.Rəhimov bildirib ki, belə mötəbər tədbirin yenidən Bakıda baş tutması sevindirici haldır. Qran-Prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Hazırlıq işləri yaxın günlərdə tam yekunlaşacaq.

İ.Rəhimov turnirin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçıların iştirakı olmadan keçiriləcəyini vurğulayıb.

Komitənin baş katibi Kamal Məmmədov görüş zamanı yarışa gələcək qonaqların məskunlaşacağı yer, Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayı, eləcə də idmançılar üçün təşkil olunacaq tibbi təsnifata olan hazırlıq barədə məlumat verib.

IBSA-nın idman direktoru Y.Tardoş komitə rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib. O, AMPK-nın IBSA ilə əməkdaşlığını yüksək qiymətlərərək deyib ki, Qran-Prinin yüksək səviyyədə təşkil olunması üçün təşkilat komitəsinə öz dəstəyini verəcək.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Qeyd edək ki, mayın 25-26-da Bakıda keçiriləcək Qran-Pri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Xəbər 366 dəfə oxundu.