Güllə atıcılarımız Avropa çempionatına Qəbələdə hazırlaşırlar
Aprelin 23-dən güllə atıcılarımız Qəbələdə təlim-məşq toplanışında iştirak edirlər. İdmançılarımızın hazırlığı mayın 4-dək davam edəcək. Qarşıda bizi Xorvatiyada təşkil olunacaq Avropa çempionatı gözləyir. Yarışda millimizin üzvü Ruslan Lunyov 10, 25 metr məsafəyə atəşaçma yarışlarında iştirak edəcək. Yığma komandamızın digər üzvü Nigar Nəsirova isə 10 metr məsafəyə atəşaçma yarışlarında gücünü sınayaraq Tokio Olimpiadasına lisenziya qazanmağa çalışacaq.

Bu fikirləri müsahibəsində güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib.

O qeyd edib ki, mayın 4-də Xorvatiyada start götürəcək təlim-məşq toplanışına Ruslan Lunyov da qatılacaq. İ.Aşumova idmançılarımızın mayın 20-də başlayacaq qitə çempionatında yüksək səviyyədə çıxış edəcəklərinə ümid etdiyini bildirib: “Pandemiya şəraitində çətinliklərə sinə gərib məşqlərimizi davam etdiririk. İdmançılarımız formada qalmaları üçün əllərindən gələni edirlər. Ümid edirəm ki, çəkdiyimiz əziyyətlər hədər getməyəcək. Təmsilçilərimiz qitə çempionatında yüksək səviyyədə çıxış edəcəklər”.

AZƏRTAC


Xəbər 436 dəfə oxundu.