“Keşlə”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası qırılıb
Bakının “Keşlə” klubunun Premyer Liqadakı qələbəsiz oyunlar seriyası qırılıb. Qəsəbə təmsilçisi XXIV turda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında ilk çempionat qələbəsini bayram edən bakılılar sonuncu dəfə IX turda üç xala seviniblər. Ötən il noyabrın 7-də evdə “Qəbələ”ni 3:1 hesabı ilə üstələyən “Keşlə” 14 matçlıq qələbəsizliyə 169 gündən sonra son qoyub.

Bu, klub tarixinə yubiley uğuru kimi düşüb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda 350-ci qələbəsini qazanıb. İlk rəsmi matçını 1997/1998-ci il mövsümündə ölkə kubokunda keçirən bakılılar tarixinin 740-cı matçında 350-ci dəfə qalib gəliblər. Bunlardan 274-ü Premyer Liqa, 52-si Azərbaycan kuboku, 16-sı avrokuboklar (1-i Çempionlar Liqası, 12-si Avropa Liqası, 3-ü İntertoto kuboku), 8-i Birlik kubokuna təsadüf edib.

Xəbər 358 dəfə oxundu.