Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində daha 5 turun oyunları keçirilib.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Şahmatçımız Ş.Məmmədyarov L.Domingesə, S.Karyakinə və V.Santosa qalib gəlib, Q.Cons ilə heç-heçə edib, L.Lyemə isə uduzub. T.Rəcəbov isə növbəti 5 turda H.Nakamura, A.Firuzca, Y.Duda, U.So ilə heç-heçə edib, R.Praqnanandhaya uduzub. Hər iki şahmatçımız 10 turun nəticəsinə görə, 6 xalla 5-6-cı yerləri bölüşürlər.

Bütün rəqiblərini üstələyən M.Karlsen isə 7 xalla liderliyi ələ keçirib.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 410 dəfə oxundu.