Qılıncoynadanımız TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına milli komandamız adına növbəti lisenziyanı qazandırıb. İdmançımız bu uğura aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran sablyaçımız ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.

Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirərək parlaq çıxışla yadda qalıb. Təmsilçimiz pley-offun birinci görüşündə İspaniya təmsilçisi Arakelli Navarra ilə qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə A.Başta 15:14 hesablı qələbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.

Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Beləliklə, Anna Başta Tokioda ölkəmizi təmsil edəcək.

Xəbər 545 dəfə oxundu.