“Qarabağ” klubu “Qəbələ”ni böyük hesabla məğlub edib
Aprelin 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.

Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan dörd dəqiqə sonra Qara Qarayev fərqi artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.

Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib.

Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.

Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.

Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail və "Sabah" - "Neftçi", görüşləri keçirilir, saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçı start götürəcək.

Xəbər 358 dəfə oxundu.