İnzagi məşqçiliyə yol aldı
«Milan»ın əfsanəsi Filippo İnzagi futbolçu karyerasını başa vurdu. Avqustun əvvəlində 39 yaşını qeyd edəcək futbolçu məşqçilik fəaliyyətinə keçmək qərarına gəlib. O, «Milan»ın 17-yaşlılarını çalışdıracaq: «Mənim vaxtım başa çatıb. İndi arzularımı həyata keçirməyin vaxtıdı. Mən məşqçi olub və nə vaxtsa Çempionlar Liqasını qazanmaq istəyirəm. İstərdim ki, mənim prinsiplərim Karlo Ançelotti ilə uyğun gəlsin».

İdman.com.az saytının məlumatına görə, təcrübəli hücumçu hazırkı seçimini də əsaslandırıb: «Başqa komandaya, sadəcə olaraq, gedə bilməzdim. Baxmayaraq ki, bu gün İngiltərədən yaxşı təklif almışam. Əlbəttə, nə vaxtsa, «Milan»ın əsas komandasını çalışdırmağı arzulayıram».

İnzagi futbolçu karyerasında dünya çempionu olub, iki dəfə Çempionlar Liqası zəfərini yaşayıb. O, Avropa klublarının qazana biləcəyi bütün turnirlərin zəfərini yaşayan ilk futbolçu olub. O, həm də Avropa klub futbolunun ən məhsuldar oyunçularındandı. Qitə yarışlarında onun hesabında 70 qol var. Daha yüksək nəticə yalnız Rauldadı – 77 qol. O, həmçininin het-triklər üzrə İtaliya çempionatının (10) və Çempionlar Liqasının (3 – eyni sayda Lionel Messi və Maykl Ouendə də var) rekordçusudu.

Karyerasını «Pyaçensa»da başlamış İnzagi yaşından futbol məktəbinə gedib, 18 yaşında əsas komandada debüt edib. Sonra «Leff» və «Verona»da icarədə olub və nəhayət «A» Seriya klubu «Parma»ya keçib. İstedadı «Atalanta»da açılıb. 1996/97-ci illər mövsümündə 24 qolla «A» Seriyanın bombardiri olub. «Yuventus»da 4 uğurlu mövsümün sonunda rəqabətdə yerini David Trezegeyə verib. Bu anda da «Milan» 37 milyon avroya öz gələcək rəmzini alıb. Milanlılarla iki dəfə ölkə çempionu olub, bir dəfə kuboku qazanıb, iki dəfə Çempionlar Liqasının, bir o qədər də UEFA Superkubokunun qalibi olub. «Milan» formasında 296 oyuna 125 qol vurub. «Milan»da son oyununu bu il mayın 13-də «Novara»ya qarşı keçirib və həmin oyunda qələbə qolunu vurub.

Xəbər 1077 dəfə oxundu.