İddiaçılar turniri: Yan Nepomnyaşi inamla irəliləyir
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində rusiyalı Yan Nepomnyaşi inamla mübarizəni davam etdirir.

12-ci turda şahmatçı növbəti qələbəsini Van Hao (Çin) üzərində qazanıb və xallarının sayını 8-ə çatdırıb. Ümumiyyətlə, turnirdə ilk dəfə olaraq bu turda heç-heçələr qeydə alınmayıb. Şübhəsiz, artıq son turlar yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Digər oyunlarda Aniş Giri (Niderland) Fabiano Karuana (ABŞ), Liren Dinq (Çin) Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşe-Laqrav (Fransa) Kiril Alekseyenko üzərində qələbə qazanıb.

Turnir cədvəlində ikinci yerdə 7,5 xalla A.Giri, 6,5 xalla M.Vaşe-Laqrav qərarlaşıblar.

On dörd turdan ibarət olan turnir aprelin 27-də başa çatacaq.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xəbər 485 dəfə oxundu.