Güləşçimiz Taleh Məmmədov Avropa çempionatında gümüş medal qazanıb
Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.

Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib. Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkiansa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Cambolat Lokyayevə məğlub olub və Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 391 dəfə oxundu.