Güləşçimiz Eldəniz Əzizli Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisi Nedyalko Petrovu elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiadan da üstün olub. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Emin Seferşaevə məğlub olub. Bürünc medal uğrunda xalça üzərinə çıxacaq güləşçimizin rəqibi Fabian Şmitt (Almaniya) - Mattias Poutanen (Finlandiya) cütünün qalibi olacaq.

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) qitə birinciliyinin finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Cambolat Lokyayev ilə qarşılaşacaq. Görüş aprelin 24-də keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 373 dəfə oxundu.