Daha bir güləşçimiz Avropa çempionatının dörddəbir final mərhələsinə adlayıb
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimizin rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

Güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddəbir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaq.

Millimizin üzvü Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. İdmançımızın növbəti rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 359 dəfə oxundu.