Bu gün UEFA “Avro-2020”nin oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyəcək
UEFA İcraiyyə Komitəsi bu gün Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyəcək.

Stadionlara tamaşaçı qəbuluna zəmanət verməyən Dublin və Münxendə oyunların keçirilməsi sual altındadır. İki gün bundan əvvəl isə Bilbao rəhbərliyi şəhərin Avropa çempionatı oyunlarına ev sahibliyi etməyəcəyini bildirib.

“The Telegraph” nəşrinin verdiyi məlumata görə, aprelin 19-da yaradılmış Super Liqaya qarşı mübarizə apardığı üçün UEFA Londona dörd əlavə oyun verə bilər. Londonun 90 min azarkeş tutumuna malik "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, səkkizdəbir final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi edəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunda İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Xəbər 366 dəfə oxundu.