Əli Rəhimzadə: Hədəfim Avropa çempionatında qızıl medal qazanmaq idi
Sərbəst güləşçimiz Əli Rəhimzadə (65 kq) Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Ötən il Romada keçirilən analoji yarışda eyni uğura imza atan sərbəst güləşçimiz qitə birinciliyindəki çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib.

Azsport.az federasiyaya istinadla xəbər verir ki, güləşçi deyib: “Ötən il Avropa çempionatında bürünc medal qazanmışdım. Ona görə də bu dəfə hədəfim yalnız qızıl medal idi. Ancaq yarımfinalda Rusiya güləşçisinə məğlub oldum. Hər halda, medalsız qalmadım. Qigsmət belə imiş. Ümid edirəm ki, növbəti yarışlarda çempion olaram”.

“Əslində, digər görüşlərim rahat keçdi. Düzdür, erməni güləşçisi ilə qarşılaşmada hesab 2:1 oldu. Hətta xəbərdarlıq xalı verilməsəydi belə ona qalib gələcəyimə əmin idim. Lazım olan xalı alacaqdım. Güləş üslubum belədir. Adətən xallarımı sona yaxın alıram. Gürcüstan güləşçisinə isə ümumiyyətlə, rahat qalib gəldim. Bürünc medal uğrunda görüşdə son 30-40 saniyəni gözləyirdim ki, fənd edib xalımı alım. Belə də oldu”, - deyə Ə.Rəhimzadə əlavə edib.

Vurğulayıb ki, Rusiya güləşçisi ilə görüşdə taktikanı düzgün qurmadım. Əslində, rəqibin üslubunu tam bilirdim. Ona uduzmalı deyildim. Ancaq belə alındı. Hesabda 4:0 öndə idim. Amma bu hesab məndə arxayınlıq yaratmadı. Əksinə, tam üstünlüklə qalib gələ biləcəyimi düşünürdüm. Hazırlaşıb Avropa, dünya və olimpiya çempionu olmağa çalışacağam.

Xəbər 346 dəfə oxundu.