«Hamburq» «Barselona»dan 400 min avro istəyir
Almaniya «Hamburq»unun rəhbərliyi ispan «Barselona»sından 400 min avro istəyir. İdman.com.az saytının məlumatına görə, buna səbəb alman klubunun 125 illiyinə həsr olunmuş matçda kataloniyalıların lideri Lionel Messinin oynamamasıdır.

Meydanda «Barselona»nı demək olar ki, ikinci heyətlə görən azarkeşlər biletlərə xərclədikləri pullarını geri tələb edirlər.
Klubların matçla əlaqədar bağladıqları müqavilədə Messinin oyunda mütləq iştirak etməli olduğu göstərilir. Lakin əzələ zədəsi futbolçuya meydana çıxmağa imkan verməyib.

Baş məşqçi Tito Vilanova bildirib ki, Messi komanda ilə yollanmağa hazır olsa da, onun səhhətini təhlükə altına atmamaq qərarı verilib.
Ümumiyyətlə, bu yoldaşlıq matçına görə ispan klubu 1,2 milyon avro alıb. «Hamburq» isə biletlərin satışından və TV yayımdan 900 min avro qazanıb.

Xəbər 961 dəfə oxundu.