Turan Bayramov: Özümü Avropa çempionu olmuş kimi hiss edirəm
İlk dəfə böyüklərin Avropa çempionatında iştirak edən Turan Bayramov debütünü gümüş medal qeyd edib.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan çempionatda 70 kiloqram çəki dərəcəsində bu uğura imza atan 20 yaşlı sərbəst güləşçimiz çıxışı haqqında deyib: “Bu kateqoriya mənim üçün yenidir. Bildiyiniz kimi, bundan əvvəl 65 kiloqram çəki dərəcəsində çıxış edib, nəticə vermişəm. Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətimi daha da artırdı. Yetmiş kiloqram çəki dərəcəsində belə nəticə göstərməyimin ən böyük səbəbi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz idi. Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim”.

“Rəqiblərimə gəlincə, adətən, yarışdan bir gün əvvəl rəqiblərimi analiz edirəm. Qarşılaşdığım güləşçilər nəticə vermiş idmançılar idi. Böyük Britaniyadan olan rəqibim daha əvvəl bürünc medal uğrunda güləşib, dəfələrlə nüfuzlu yarışlarda iştirak edib. Türk Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi dünya kuboku yarışlarında da gümüş medal qazanmışdı. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu. Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyırdım. Onun güləşini bilirdim. Ona görə də rahat qalib gəldim”,- deyə T.Bayramov əlavə edib.

Bildirib ki, finalda məğlubiyyətimin ən böyük səbəbi 70 kiloqram çəki dərəcəsində yarış təcrübəmin çox olmaması idi. Ancaq son saniyələrdə yaranan vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım. Ancaq alınmadı. Bu nəticə mənim motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.

Xəbər 320 dəfə oxundu.