Londonda ilk günün ilk uğurunu avarçəkənimiz qazandı
Bu gün XXX London Yay Olimpiya Oyunlarının ilk günüdür. Dördilliyin ən mötəbər yarışının açılış günündə Azərbaycan olimpiya yığmasının 5 üzvü çıxış edəcək.

Cüdo
Cüdo yarışlarında tatami üzərinə öncə İlqar Müşkiyev çıxıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayanq həmyerlimiz 1/32 final mərhələsindən azad edilib. O, 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Püşkatmaya əsasən, cüdoçumuzun ilk rəqibi Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olub. Adıçəkilən cüdoçulardan Davtyan qələbə qazanaraq, Müşkiyevlə güləşmək hüququna yiyələnib. Təəssüf ki, 21 yaşlı idmançımız elə ilk görüşdəcə məğlubiyyətlə üzləşib. Davtyan vazari fəndi sayəsində qələbə qazanıb. Beləliklə, Müşkiyev olimpiada ilə vaxtından əvvəl vidalaşıb.

İdman gimnastikası

Bu növdə yeganə təmsilçimiz Şakir Şıxəliyevdir. İdmançımız təsnifat mərhələsində ayrı-ayrı növlərdə - turnikdə 10,633, sərbəst çıxışda 14,600, at təmrinində 12,866, digər növlərdə isə 15.433, 13.166, 13.666 baş toplayıb. Ümumilikdə Şakir aktivinə 80.364 baı yazdırıb. Hazırda o, 11-ci pillədə qərarlaşıb. Şıxəliyev növbəti mərhələyə yüksəlmək üçün 67 idmançı ən pis halda 24-cü olmalıdır. Hazırda digər idmançılar qüvvələrini sınayırlar.

Boks

London Olimpiadasına iddialı yollanan boks yığmamızın bir üzvü bu gün çıxış edəcək. Rinqə 75 kq çəki dərəcəsində Soltan Migitinov çıxacaq. O, Bakı vaxtı ilə saat 20:15-də 1/16 final mərhələsində misirli Məhəmməd Hikalla döyüşəcək.

Avarçəkmə

Akademik avarçəkmə yarışlarında isə bu gün 2 təmsilçimiz mərhələ adlamağa çalışıb. Yürüş xəttində Aleksandr Aleksandrov görünüb. O, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparıb. Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) ilə eyni qrupda yer alan idmançımızın çıxışı uğurlu alınıb. O, 2000 metrlik məsafəni 6 dəqiqə 49 saniyəyəqət edərək, 2-ci yeri tutub. Qaydalara görə, ilk "üçlük"də qərarlaşan avarçəkənlər,o cümlədən Aleksandrov 1/4 finala yüksəlib.

Hazırda isə Nataliya Mustafayeva 1 nəfərlik qayıqla (W1X) yarışır.

Olimpiya.az

Xəbər 1330 dəfə oxundu.