Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
- Əziz dostlar!
- Əziz bacılar və qardaşlar!
- Əziz naxçıvanlılar!
Mən sizi səmimi qəlbdən salamlayıram. Azərbaycanın gözəl guşəsi olan Naxçıvan torpağında bu gün yenidən sizinlə görüşməyimdən özümü həddən ziyadə xoşbəxt hesab edirəm.
Burada deyildi ki, mənim Naxçıvana bugünkü gəlişim Qurtuluş gününə təsadüf edibdir. Ancaq mən bunu eşidərkən, düşündüm, - bəlkə də təsadüf etməyibdir. Mən sadəcə, bu gün, bu əziz gündə sizinlə bir yerdə olmaq üçün buraya gəlmişəm. Bunun əsası var. Doqquz il bundan öncə Naxçıvan həyatının ağır günlərini yaşayırdı. Təkcə Naxçıvan yox, bütün Azərbaycan həyatının faciəli günlərini yaşayırdı.
Bilirsiniz ki, artıq Bakıda hakimiyyət böhranı, iqtisadi böhran, siyasi böhran bir-birinə qarışaraq, ölkəni fəlakətli bir vəziyyətə gətirdiyi vaxtda Azərbaycanın mötəbər insanlarının böyük bir qismi, ardıcıl olaraq, Bakıdan Naxçıvana üz tuturdular, buraya gəlirdilər, mənimlə görüşürdülər, məsləhətləşirdilər, Azərbaycanın bu ağır vəziyyətdən çıxması haqqında məndən məsləhətlər gözləyirdilər.
Xatırlayıram, elə olurdu ki, bir gündə bir neçə təyyarə ilə insanlar dəstə-dəstə, qrup-qrup Naxçıvana gəlirdilər. Mən buradan, Naxçıvandan sizinlə birlikdə bütün Azərbaycanın o ağır, faciəli həyatını görürdüm. Çünki onun bir hissəsi də Naxçıvanı bürümüşdü və biz onu öz həyatımızda hiss edirdik. Azərbaycanı sevən adam kimi, Vətəninə, torpağına, millətinə hədsiz sədaqət hissi ilə yaşayan adam kimi və Azərbaycanın keçmiş illərdə inkişaf etməsində xidmətlər göstərmiş adam kimi, təbiidir ki, mən hamıdan çox düşünürdüm, hamıdan çox əzab-əziyyət çəkirdim. Ancaq biz sizinlə burada blokadadaydıq. Bir yandan ermənilər tərəfindən Naxçıvana qarşı tətbiq olunmuş blokada, digər tərəfdən isə, təəssüflər olsun ki, o, vaxtkı hakimiyyət orqanları da Naxçıvanda sağlam fikirli insanların qarşısını almaq üçün bizə ikinci bir blokada yaratmışdılar.
O günlər çox ağır günlər idi. Hətta indi, 9 il keçəndən sonra deyə bilərəm ki, bəlkə də mən bəzi hallarda çıxış yolunu görə bilmirdim. Ancaq mənə olan müraciətlərə də biganə qala bilməzdim. İyun ayının 6-dan başlayaraq Azərbaycanın o vaxtkı iqtidarı, Azərbaycan Prezidenti mənimlə əlaqə saxladı, məni Bakıya dəvət etdi və dərhal Bakıya uçmağım üçün təyyarə göndərildi. Ancaq mən buna razılıq vermədim.
O vaxtlar burada mənimlə bərabər olanlar, - indi onların hamısını burada görürəm, - xatırlayırlar ki, səhərdən axşama qədər mənimlə danışıqlar gedirdi. Bakıdan ardıcıl surətdə telefon zəngləri, eyni zamanda həm xalqın nümayəndələrinin Naxçıvana axını və mənə müraciətləri, həm də o vaxtkı iqtidarın bilavasitə mənə müraciəti və təkidlə xahişi ki, mən Bakıya gedim. Qəribə günlər idi.
Xatirinizdədir, 1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman, - bəziləri bunu da bizə çox gördülər, - Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyini zəbt etdi, televiziyanı zəbt etdilər. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi.
Mən o vaxt hər bir rabitədən məhrum olduğum üçün bir çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin məhəllələrinə, ətraf kəndlərə, başqa kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət etdilər. Bir neçə saat içərisində Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları toplaşdılar və sinələrini irəliyə verib Naxçıvanın o vaxtkı Ali Məclisini və Heydər Əliyevi müdafiə etdilər.
Biz o bəladan xilas olduq. Doğrudur, o vaxt polislərdən bəziləri yaralandı. Bizim vətəndaşlarımızın bəzisi xəsarət aldı. Amma Naxçıvanın dəyərli insanları öz mərdliklərini göstərdilər. Bir tərəfdə əli silahlı, quduzlaşmış Xalq Cəbhəsinin dəstəsi, o biri tərəfdə isə heç bir silahı olmayan, ancaq böyük iradəyə malik olan və böyük amallarla yaşayan Naxçıvan ağsaqqalları, Naxçıvan gəncləri, Naxçıvan qadınları - naxçıvanlıların hamısı. Bu fakt sizə məlumdur. Bəlkə bunu bir də yada salmağa ehtiyac yox idi. Ancaq mən 9 il bundan öncə iyun ayında - 1992-ci ilin oktyabrından 1993-cü ilin iyun ayı arasında 7-8 ay fərq var idi - bizə hücum edənlərin, bizi devirmək istəyənlərin nə qədər aciz vəziyyətdə olduqlarını gördüm. Onlar nə qədər aciz vəziyyətdə idilər ki, hətta özləri devirmək istədikləri adama - Heydər Əliyevə müraciət etməyə məcbur oldular.
Mən iyunun 9-da Bakıya getdim. Xatırlayıram, burada, Naxçıvanda insanlar çox məyus idilər, narahat idilər. Məni yola salanda gördüm ki, onların sifətlərində nə qədər qəmginlik var. Mən özüm də bilmirdim hansı vəziyyətə düşəcəyəm, nə olacaq. Ancaq düşündüm ki, əgər özümü qurban verəsi olsam da, gərək gedib Azərbaycan naminə, millətimizin, xalqımızın naminə öz yardımımı göstərim.
Xatirimdədir, Ali Məclisin binasının qarşısında bir dəstə qadın toplaşmışdı. Sadə insanlar idilər, ağlayırdılar. Mən hamısına deyirdim ki, darıxmayın, iki gündən sonra gələcəyəm. Həqiqətən, mən Bakıda qalmaq fikrində deyildim, Naxçıvanı tərk etmək, sizdən ayrılmaq fikrində deyildim. Mən bu sözləri səmimi dedim. Bəlkə iki gün olmasın, üç gün olsun, dörd gün olsun - oraya geriyə dönmək üçün getmişdim.
Ancaq tale tamamilə başqa cür sərəncam verdi. Mən orada qalası oldum. İyunun 15-də oradakı proseslər sizə məlumdur. Məni Azərbaycan Ali Sovetinin, Milli Məclisin sədri seçdilər. Bununla da mənim yeni fəaliyyətim, yeni həyatım başladı. Mən burdan gedərkən, verdiyim sözü yerinə yetirmişəm. Demişdim ki, iki gündən sonra gələcəyəm. İki gündən sonra yox, - iyunun doqquzu ilə on beşi arasında altı gün var, - altı gündən sonra gəlmişəm.
Mən 1993-cü ilədək sizinlə bərabər Naxçıvanda yaşadığım günləri heç vaxt unutmuram və heç vaxt da unutmayacağam. Mənim həyatımın müxtəlif səhifələri, çox şanlı-şöhrətli, eyni zamanda çox əzab-əziyyətli səhifələri var. Bunların hər biri mənim üçün əzizdir. Ancaq 1990-1993-cü illərdə sizinlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam.
Bu gün, bayram günü mənim sizinlə bir yerdə olmağımın bir səbəbi də ondan ibarətdir ki, Naxçıvanda beynəlxalq standartlara uyğun olan, müasir tələblərə cavab verən böyük Olimpiya idman kompleksi tikilib və mən də onun açılışına gəlmişəm ki, bu şad günü sizinlə birlikdə qeyd edim.
Burada, Naxçıvanda Olimpiya idman kompleksinin inşa edilməsi və bu gün istifadəyə verilməsi adi bir hadisə deyildir. Mən o illər Naxçıvanda yaşayarkən, heç düşünə bilməzdim ki, gün gələcək, işlərimiz yaxşılaşacaq, yaşayış düzələcək, əmin-amanlıq olacaq, iqtisadiyyatımız inkişaf edəcəkdir. Mən o vaxt heç bilmirdim ki, belə bir Olimpiya Komitəsi var və o fəaliyyətə başlayacaq, bu cür komplekslər tikib Azərbaycan gənclərinin istifadəsinə verəcəklər. Bu, çox əlamətdar bir hadisədir. Bu hadisə münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, siz bu Olimpiya kompleksinin Naxçıvan üçün nə qədər faydalı olduğunu bir neçə aydan, bir neçə müddətdən sonra daha yaxşı qiymətləndirə biləcəksiniz.
Bu sizin üçün, Naxçıvan üçün böyük hədiyyədir. Sizə bu hədiyyəni edən Azərbaycanın Milli Olimpiya Komitəsidir. Bunda hökumətin, dövlətin heç bir işi yoxdur. Bizim bu işə qatışacağımız yoxdur, bir manat da xərcimiz çıxmayıbdır. Yəni dövlətin - mən dövləti təmsil edirəm. Bu, ancaq Azərbaycan Milli Olimpiya Komitəsinin və onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaranıbdır.
İlham Əliyev beş ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İndiyə qədər görülən işlər haqqında burada deyildi. Ancaq bir məqama toxunmaq istəyirəm.
Günlərin birində mənə dedi ki, biz Bakıda böyük Olimpiya Kompleksi tikmişik, 10-15 günə onun açılışı olacaqdır. Xahiş edirəm ki, Siz onun açılışında iştirak edəsiniz. Mən təəccübləndim, dedim, nə cür, nə vaxt, hansı vəsaitlə, harada? Bir də axı nə təhər ola bilər ki, siz bunu etmisiniz, amma mənim xəbərim yoxdur? Bu da qeyri-adi bir haldır. O, mənə söylədi ki, əgər açılışında iştirak etməyə razılıq versəniz, onda gəlib onu görər və qiymətləndirərsiniz. Bəli, Bakıda gözəl bir olimpiya kompleksini Milli Olimpiya Komitəsi, şəxsən İlham Əliyev inşaat etdirdi və biz də onu bərabər açdıq. İndi orada böyük yarışlar keçirilir və Bakının gözəl bir idman mərkəzinə çevrilibdir.
Sonra bir dəfə adi söhbətdə mənə dedi ki, Azərbaycanın bir neçə bölgəsində də belə komplekslər yaratmağı planlaşdırıram. Mən dedim, bu, çox gözəl olar. Ancaq bunlar axı bahadır, - bu kompleksin qiymətini tikənlər bilirlər, - bu mümkündürmü? Dedi, bəli, bizim Milli Olimpiya Komitəsinin vəsaitlərini aramışıq, bunu edə bilərik. Amma harada edəcək, nə edəcək? Bir gün eşitdim ki, Bakının Maştağa qəsəbəsində belə bir Olimpiya kompleksi hazırdır. Mən orada açılışda iştirak etdim.
Sonra dedim ki, daha harada var? Dedi, bundan sonra Naxçıvanda, Gəncədə, Şəkidə və Lənkəranda olacaqdır. Fikirləşdim ki, Şəki, Lənkəran, Gəncə - bunlar hamısı Bakıya yaxın yerlərdir. Amma Naxçıvan indi də blokadadadır. Buraya inşaat materialları daşımaq çətindir. Məsələn, Bakıya, Gəncəyə nisbətən burada başqa işlər görmək çətindir. Dedi, yox, mütləq Naxçıvanda olmalıdır. Çünki Naxçıvan həm sənin vətənindir, həm də mənim vətənimdir. Ancaq o söylədi ki, mən bunu Gəncə ilə, Şəki ilə eyni vaxtda hazırlayacağam. Həqiqətən, eyni vaxtda hazırlanıbdır. Ancaq mən ondan xahiş etdim ki, gəlin, irəliyə Naxçıvanı salaq, digərləri yaxındır, oralara getmək asan olacaqdır.
Bax, beləliklə, indi Azərbaycanda idmanın, bədən tərbiyəsinin böyük maddi-texniki bazası yaranır. Biz bu bazanı yaratmaq istəyirik. Biz buna büdcədən vəsait ayırırıq. Ancaq bizim Milli Olimpiya Komitəsinə büdcədən vəsait ayırmağa imkanımız yoxdur. Onlar öz imkanlarından istifadə edirlər. İndi görün, bu işə nə qədər sədaqətlidirlər, bu işi nə qədər sevirlər. Hər şeyi kənara qoyub bunları edirlər.
Çünki İlham Əliyev burada dedi, bunun böyük mənası var. Bu, gənclər üçündür. Bizim millətin gələcəyi üçündür. Gənclərin fiziki hazırlığı üçündür. Gənclərin mənəviyyatı üçündür. Gənclərimiz idmanla, bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsalar, o qədər güclü olacaqlar, o qədər qüdrətli olacaqlar. Bizim ordumuzda sağlam əsgərlər olacaqdır. Ən nəhayət, gənclərimiz, təəssüflər olsun ki, indi müəyyən qədər yayılmış xoşagəlməz vərdişlərə uymayacaqlar. Ona görə də bu kompleksin çoxşaxəli əhəmiyyəti var.
İlham, mən təşəkkür edirəm ki, sən Naxçıvana belə bir hədiyyə vermisən. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Naxçıvan gəncləri bu kompleksdən səmərəli istifadə edəcəklər və bu kompleksi idarə edənlər də çalışacaqlar ki, o, həmişə yüksək səviyyədə olsun. Xeyirli olsun, uğurlu olsun!
Mən bir neçə kəlmə Naxçıvan haqqında danışmaq istəyirəm. Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, gözəl bir diyarıdır və Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biridir. Naxçıvanın tarixini tarixçilər müxtəlif cür deyirlər. Biri deyir onun üç min il tarixi var. Biri deyir, onun bizim eradan çox-çox əvvələ aid böyük tarixi var. Bu fərziyyələrin hər birinin əsası var. Sadəcə, bizim tarixçilər, arxeoloqlar gərək bundan sonra Naxçıvanın tarixi haqqında daha da geniş axtarışlar aparsınlar və Naxçıvanın tarixini ətraflı yazıb hazırlasınlar.
Naxçıvanın gözəl təbiəti var. Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir. Təəssüf ki, bəzi gənclər, naxçıvanlılar Gəmiqayanın nə tarixini bilirlər, nə də onun varlığını bilirlər. Mən keçən il maraqlandım ki, Gəmiqayaya bizim elmi ekspedisiya gedib, yoxsa yox. Mənə dedilər, hazırlaşırlar. Amma yay keçmişdi. Sonra dedilər, pulları yoxdur. Dərhal pul verdik. Ancaq müəyyən qədər vaxt itirmişdilər. Mən burada Səfəralını, başqa tarixçiləri görürəm. Hamı bilir ki, Gəmiqayada ekspedisiyanın işləməsi üçün indi başlamaq lazımdır. Çünki sentyabr ayında artıq orada soyuq olacaqdır. Avqustun 20-də oranı qar tutur. Amma bu bizim böyük sərvətimizdir. Gəmiqayanın daşlarında Qobustan qayalarındakı kimi rəmzlər var. Orada insanların qoyduğu izlər var. Bu bizim, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır.
Naxçıvan Azərbaycanın tarixində çox böyük yer tutur. Atabəylər dövlətinin paytaxtı olubdur. Elə bunun özü Naxçıvanın nə qədər böyük tarixi əhəmiyyətə malik olduğunu göstərir. Rəhmətlik akademik Ziya Bünyadov Atabəylər dövləti haqqında yaxşı bir kitab yazdı. Ancaq onun davamçıları lazımdır. Amma təkcə bu deyildir. Mömünə xatın türbəsi 800 ildir ki, bütün dünya səyyahlarını heyran edir. Yusif ibn Küseyr, Qarabağlar türbəsi, Əlincə qalası və bir çox belə abidələr - bunlar hamısı Naxçıvanın qədim Azərbaycan torpağı və ən qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdıqlarını göstərir. Biz bu tariximizi nə qədər yaxşı təhlil edib dünyaya nümayiş etdirə bilsək, xalqımızın qədim mədəniyyətini bir o qədər də göstərəcəyik.
Azərbaycan xalqı dünya xalqları içərisində öz yüksək mədəniyyəti ilə, elmi, zəkası ilə seçilən bir xalqdır. Bizim - bugünkü nəsillərin, gələcək nəsillərin vəzifəsi bunu dünyaya göstərmək və sonrakı nəsillərə çatdırmaqdan ibarətdir. Bu işlərlə məşğul olmaq lazımdır.
Təəssüflər olsun ki, Naxçıvan böyük ədalətsizliklərə düçar olubdur. Keçmiş dövrlərdə də olubdur. Ancaq məlumdur ki, XX əsrdə, sovet hakimiyyəti qurulan zaman bu bölgənin sərhədləri müəyyən edilərkən, Azərbaycanın torpaqlarının bir qismi Ermənistana qatılıbdır. O cümlədən Zəngəzur və indi Naxçıvanı Azərbaycanın böyük hissəsindən ayıran Mehri rayonu. Bu, tarixi ədalətsizlikdir. Biz bunu bu gün ürək ağrısı ilə xatırlayırıq. Ancaq eyni zamanda, biz bugünkü reallıq şəraitində yaşayırıq və yaşamalıyıq. Belə reallıq şəraitində bizimlə müharibə vəziyyətində olan və Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni qəsbkarları ilə böyük sərhədə malik olan Naxçıvan, təbiidir ki, daim ağır şəraitdə yaşayır. Ölkənin paytaxtı Bakı ilə, Azərbaycanın başqa bölgələri ilə nəqliyyat əlaqələri məhduddur, çətindir. Ancaq təyyarə və avtomobil yolu ilə mümkündür.
SSRİ vaxtı bir yerdə olarkən çəkilmiş dəmir yolu bağlanıbdır. Naxçıvan belə şəraitdə yaşayır. Belə bir şəraitdə Naxçıvana xüsusi qayğı göstərmək lazımdır, kömək etmək lazımdır. Bilin, biz Naxçıvana gedib-gələn sərnişinlərin biletləri üçün ildə dövlət büdcəsindən 45 milyard manat ayırırıq. Yəni biletləri öz qiymətinə deyil, ucuz satırıq. Bəzən bizim büdcə tərtib edənlər qımıldanırlar. Başqa söz işlətmək istəmədim. Nə tez başa düşürsünüz?! Ancaq belə ədalətsizliyə yol vermək olmaz. Bunları ona görə demirəm ki, mən naxçıvanlıyam. Naxçıvanlı olmasaydım da, ağdamlı, ya gəncəli olsaydım, yaxud şəkili olsaydım da Azərbaycanın Prezidenti kimi, mən bu sözləri burada deyəcəkdim. Çünki Azərbaycanın hər bir torpağı, hər bir qarışı millətini sevən, xalqını sevən həqiqi azərbaycanlı üçün eyni dərəcədə əziz olmalıdır.
Başqa yardımlar da edirik. Ancaq təəssüflər olsun ki, mən, Naxçıvanda doğulmuş adam, uşaqlıq, gənclik dövrlərini Naxçıvanda keçirmiş adam kimi bilirəm ki, bu, yeni əhval-ruhiyyə deyildir. Xatirimdədir, hələ 1930-40-cı illərdə Bakıdan bəzi dairələr - onu deyə bilmərəm - Naxçıvana ögey münasibət göstərirdilər. Bu bizi o vaxt incidirdi. Mən gənc idim. Ancaq bilirəm, məndən yaşlı adamları incidirdi və mən də anlayırdım. Məni də incidirdi. Təəssüflər olsun ki, bu xüsusiyyət müəyyən qədər sirayətedici olubdur. Mən bunların qarşısını alıram. Amma təkcə mən yox, Azərbaycanda hamı bunu mənim kimi başa düşməlidir. Bir də deyirəm, ona görə yox ki, mən naxçıvanlıyam. Ona görə ki, mən azərbaycanlıyam, həqiqi Azərbaycan oğluyam.
Bir-iki ay bundan öncə Naxçıvanın maliyyə məsələsi meydana çıxmışdı. Mən maliyyə naziri Əvəz Ələkbərova bir-iki dəfə göstəriş verdim. Hər dəfə məruzə etdi ki, mən bunu etdim. Amma buradan da mənə xəbər gəlir ki, yox, tamam yerinə yetirməyibdir. Düzü, mən buna çox hirsləndim və dedim, Naxçıvana get, məsələləri həll et, geriyə dön, mənə məruzə et. Bir-iki gündən sonra məruzə etdi ki, səhər tezdən getdim Naxçıvana, axşama qədər Naxçıvanda hamı ilə birlikdə işlədik, məsələlərin hamısını həll etdik, çox sağ olun ki, Siz mənə bu göstərişləri vermişdiniz. Dedim, bəs sən özün nə düşünürdün? Sən Azərbaycanın maliyyə nazirisən. Biz səni maliyyə naziri təyin etmişik ki, hər dəfə səni tərpədən olsun?
Soruşdum ki, Naxçıvanda axırıncı dəfə nə vaxt olmuşdun? Dedi, 1965-ci ildə. Dedim, daha mənim sənə sözüm yoxdur, sən özün-özünü göstərdin. Amma Əvəz Ələkbərov tək deyil, belələri az deyildir. Ondan da böyük vəzifəli adamların adlarını çəkə bilərəm ki, mən doqquz ildir Azərbaycan Prezidentiyəm, bir dəfə də buraya gəlməyiblər. Baxmayaraq, mən hər dəfə onlara başa salıram ki, işlərinizə məsuliyyətlə yanaşın. İndi mən buradan bütün nazirlərə göstəriş verirəm. Hər bir nazir, hər bir idarə başçısı, hər bir məsuliyyətli şəxs, yüksək vəzifəli şəxs iki ayda bir dəfə Naxçıvana gəlməlidir. Gəlib sizin işlərinizlə məşğul olmalıdır və şəxsən mənə məruzə etməlidir. Yoxsa biz Naxçıvanın inkişafını istədiyimiz kimi təmin edə bilməyəcəyik.
Naxçıvan blokada şəraitində olduğuna görə, mənim Naxçıvan haqqında siyasətimin bir hissəsi insanların Naxçıvanda məskunlaşması, yaşaması məsələsidir. Nümunə göstərirəm, Səfəralı Babayev. Mən onu tanıyıram. Əl çala bilərsiniz, doğrudan da o, layiqli adamdır. O da başqaları kimi burada yaşadı, böyüdü, alim oldu. Ondan sonra düşünərdi ki, mən niyə Naxçıvanda oturum, Bakıya gedim, orada özümə ev alım, uşaqlarımı da yığım oraya. Yaxşı, ərsəyə gələn hər bir naxçıvanlı Naxçıvanı tərk edib getsə, burada kim qalacaq, burada kim yaşayacaq? Amma belələri çox deyildir.
Çoxları belədir, buradan istifadə edirlər, - bəli, vətənləridir, istifadə etməlidirlər, - təhsil alırlar, ali məktəbi qurtarırlar və çalışırlar ki, haradasa, Bakıda, ya başqa yerdə ilişib qalsınlar, Naxçıvana gəlməsinlər. Belələri var. Mən belələrini bəyənmirəm.
Mən son dəfə Naxçıvandan 1948-ci ildə çıxıb getmişdim. Allah elə elədi ki, mən 1948-ci ildə getdim, nə qədər yerlərdə yaşadım, işlədim, nə qədər yüksək mərtəbələrə çatdım. Ancaq 1990-cı ildə yenə Naxçıvana gəldim. Mənə yenə Naxçıvan həyan oldu. İnanın, əgər 9 il bundan öncə, iyunun 9-da məni dartıb Bakıya aparmasaydılar, mən Naxçıvandan heç bir yerə getməyəcəkdim, ömrümün axırına qədər burada yaşayacaqdım. Ona görə də gərək insanlar Naxçıvanda məskunlaşsınlar.
Naxçıvanlılar fədakardırlar. Naxçıvanlılar təvazökardırlar, zəhmətkeşdirlər. Mən bir-iki dəfə demişəm, naxçıvanlılar Naxçıvanı əhatə edən məğrur qayalar kimi məğrurdurlar. O məğrur qayalarda bir kişi gözəlliyi var. Bəli, bu gözəllik naxçıvanlılara məxsusdur. Amma naxçıvanlılar öz torpaqlarını tərk etməməlidirlər. Əgər istəyirsinizsə, mən işimi buraxım, gəlib yenə sizinlə burada yaşayım.
Sizə bir belə təriflər dedim, indi bir neçə də tənqid deyəcəyəm. Yəqin ki bu, xoşunuza gəlməyəcəkdir. Doğrudur, şəraitiniz ağırdır, imkanlarınız məhduddur. Belə ağır şəraitdə Naxçıvan inkişaf edir. Bu bizim hamımızı sevindirir. Ancaq birincisi, naxçıvanlılar özlərini gərək təvazökar aparsınlar. Heç vaxt burunlarını dik tutmasınlar. Yəni başı dik tutmaq olar. İnsanın başı dik olmalıdır, amma burnu yox. Onda o insanın keyfiyyəti mənfi olur. Mən indi nazirlərə bu qədər göstərişlər verirəm. Ondan sonra siz hər bir naziri gətirib qapınızda saxlayasınız, yaxud deyəsiniz ki, mənim bu gün vaxtım yoxdur, sabah gəlin. Yaxud da özünüzü təkəbbürlü aparasınız, təvazökar olmayasınız. Siz bununla mənim dediyim gözəl sözlərə böyük ləkə vurmuş olacaqsınız. Amma mən belə şeyləri görürəm.
Biri gedir Bakıda avtomobil sürür. Polisə baxmır, filana baxmır. Saxlayırlar, bala, niyə edirsən? Mən naxçıvanlıyam. Nə olsun ki, naxçıvanlısan? Belələri sizə də, mənə də ləkə gətirirlər. Başa düşürsünüz? İnsan heç vaxt cızığından çıxmamalıdır. Ancaq mənim çoxillik təcrübəm nəyi göstərir? Vəzifə alan adamlar var, bir azdan sonra görürsən ki, vəzifə onları xarab edir. İndi qalmısan məəttəl, bunu çıxarasan, axı qoymusan ki, bu adam işləsin. Çıxarmayasan, buna necə dözəsən.
Mənə Bakıda danışırdılar. Bir nəfər alim, elmlər doktoru var, heç vaxt vəzifəsi olmayıbdır. Götürdük onu nazir qoyduq. Sonra elə bir rejim yaradıbdır ki, səhər işə gələndə onun iki nəfər - eyib olmasın, quyruq buluyanı gərək qapıda dursun. O, avtomobillə gələndə biri onun qapısını açacaqdır, biri də portfelini götürəcəkdir, gedəcəklər yuxarıya. Ay balam, o elmi - tədqiqat institutunda heç sənin iş otağın da yox idi. Çox olsa, çox olsa ümumi otaqda bir masan var idi, onun arxasında otururdun. İndi böyük iş otağın var, onun qabağında katibə otağı - bu da bir az gülməlidir, elədirmi - zəngi basır, mənə çay gətir. Heç evdə arvadı ona çay da vermir. Məəttəl qalırsan. İnsan da bir ayın içərisində bu qədər dəyişilə bilərmi? Amma dəyişilirlər.
Sonra mənə bir yerdən xəbər verdilər ki, - hələ onların adını demirəm, amma təkrar eləsələr, sonra sizə deyəcəyəm - böyük nazirlikdir, səhər-səhər hamısı işlərində farağat durur. Nazir gəlib qapıdan girəndə səs ucaldandır, nədir, bilmirəm, xəbər verir - “nazir gəlir”, gərək hamı işlədiyi yerdə ayağa dursun. Belə şey olmaz axı! İndi siz gülürsünüz, xoşunuza gəlir. Amma elə bilirsiniz, sizdə bu yoxdur? Sizdə də var. Mən bilirəm harada var. Amma hələ açmayacağam. Ona görə təvazökarlıq lazımdır. Bildinizmi? İnsanı hörmətə qaldıran, onun zəhmətkeşliyidir, mənəvi təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlığıdır. Amma bunlarla bərabər, mütləq onun təvazökarlığıdır. Gərək, heç vaxt təvazökarlığı unutmayasınız.
Bu gün bu sözləri sizə deməyi özümə borc bilirəm. Çünki mən hər bir insanı pis yoldan çəkindirmək istəyirəm. İnsan pis yola gedəndə, o, uzaq gedibsə, onu geriyə döndərmək mümkündür, ancaq onun özünə zərəri olacaqdır. Mən istəyirəm ki, insanlar özlərinə bu zərəri vurmasınlar. Başa düşürsünüz?!
Nəhayət, mən doqquz ildir ki, sizin yanınızdan getmişəm. Sizə hesabat verirəm. Bu doqquz il müddətində Azərbaycanı ağır ictimai, siyasi, iqtisadi böhrandan çıxardıq, sabitliyi təmin etdik, hüquqi, demokratik dövlət qurduq, demokratik dəyərlərin bərqərar olmasını təmin etmişik və ardıcıl surətdə təmin edirik. İqtisadiyyatımızı inkişaf etdiririk və indiyə qədər gördüyümüz işlər bizim iqtisadiyyatımızın bundan sonra daha yüksəklərə qalxmasını təmin edəcəkdir.
Doğrudur, əhalimizin bir qismi kasıbçılıq içindədir, işsizlər var. Biz onlara qayğı göstərməyə çalışırıq. Siz də burada bunu özünüz etməlisiniz. Amma bizim iqtisadiyyatımız inkişaf edir. Bu, həqiqətdir, bunu dünya görür. Bunu beynəlxalq maliyyə qurumları görürlər - hamı görür. Rəqəmlər çoxdur. Bir şey deyə bilərəm ki, 1996-cı ildən 2001-ci ilə qədər işləyənlərin nominal əmək haqqı 4 dəfə artıbdır. Təqaüdlər 4 dəfə artıbdır. Aparılan islahatlar artıq indi mal bolluğu yaradıbdır.
Bilirəm ki, burada kənd təsərrüfatı məhsullarını o qədər istehsal edirsiniz ki, bilmirsiz nə edəsiniz. Amma mən 1990-cı ildə buraya gələndə orada yaşayırdım, birinci mərtəbədə mağaza var idi. Orada səhər saat altıdan ət üçün növbə idi. İnsanlar bir-birini qırırdılar. Amma indi çörək, ət, başqa şeylər boldur. Vaxtınızı alıb bu barədə danışmaq istəmirəm, bu rəqəmlər sizə məlumdur. Mən demək istəyirəm ki, sizin yanınıza doqquz ildən sonra alnıaçıq, üzüağ gəlmişəm.
Bizim apardığımız daxili və xarici siyasət Azərbaycana yeni uğurlar gətirəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcəyik. Mütləq həll edəcəyik. Xalqımız ilbəil firavan yaşayacaqdır. İndi bizim büdcəmizin ümumi məbləği, orta hesabla, 1 milyard dollardır. Amma 1993-cü ildə bu, on dəfə az idi. Bu, üç-dörd il sonra 4-5 dəfə artacaqdır. Bunu bilin. İmkanlarımız artacaqdır.
Neft Fondu yaratmışıq. Bizim 1 milyard 200 milyon dollar valyuta ehtiyatımız var. Mən bəzi qaçqınları çadırlardan çıxarmaq üçün və Ermənistandan köçüb gəlmiş insanların şəraitini yaxşılaşdırmaq üçün 75 milyon dollar ayırdım.
Burada Kərki kəndindən qaçqınlar var. Mən vəsait ayırdım ki, onlara həyətyanı evlər tikilsin. Mənə dedilər ki, onlar deyirlər, yox, bizə Əliabadda beşmərtəbəli ev tikin. Evi tikirik, bunları da edirik - hamısını edirik və hamısını da edəcəyik. Arxayın olun, Azərbaycanın gələcəyi uğurludur.
Mən sizə bir daha cansağlığı, səadət və xoşbəxtlik arzu edirəm. Sağ olun.

15 iyun 2002-ci il

Xəbər 3848 dəfə oxundu.