Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Yunan-Roma güləşi üzrə millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığmamız aprelin 20-də Polşaya yollanacaq.

Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin sonuncu 3 günündə mübarizə aparacaq. Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcəklər.

Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.

Çempionat çərçivəsində yunan-Roma güləşi üzrə yarışlar aprelin 23-25-də baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Xatırladaq ki, yarışda beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Xəbər 355 dəfə oxundu.