Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.

Referilər Ernest və Emil Ağakişi qardaşları qadın həndbolçular arasında bu il təşkil olunacaq dünya çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Rusiya-Türkiyə görüşünə təyinat alıblar. Hakimlərimiz aprelin 20-də Moskvanın “Dinamo” arenasında təşkil olunacaq prinsipial qarşılaşmada ədaləti qoruyacaqlar.

Rusiya paytaxtında keçiriləcək görüş kifayət qədər gərgin və maraqlı idman mübarizəsi vəd edir. Referilərimizdən dünya çempionatının final mərhələsinə vəsiqənin taleyini həll edəcək görüşdə böyük məsuliyyət tələb olunur. Onların bu vəzifənin öhdəsindən layiqincə gələcəyi isə şübhə doğurmur.

Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının ali həndbol qurumlarının bayrağı altında keçirilən turnirlərə ilk təyinatı deyil. Sözügedən həndbol hakimlərimizin beynəlxalq yarışlarda kifayət qədər təcrübəsi var.


Xəbər 362 dəfə oxundu.